Gəncə teatrının rəhbəri: "Yeni binada mövsümü "Cavad xan" tamaşası ilə açacağıq"

Gəncə teatrının rəhbəri: "Yeni binada mövsümü "Cavad xan" tamaşası ilə açacağıq" “Gəncə Dövlət Dram Teatrının yeni binasında yaradıcı heyət və teatrsevərlər üçün hər bir şərait yaradılıb”.
Mədəniyyət siyasəti
2 Fevral , 2022 15:49
Gəncə teatrının rəhbəri: Yeni binada mövsümü Cavad xan tamaşası ilə açacağıq

"Gəncə Dövlət Dram Teatrının yeni binasında yaradıcı heyət və teatrsevərlər üçün hər bir şərait yaradılıb".

Bunu "Report"un Qərb bürosuna açıqlamasında Gəncə Dövlət Dram Teatrının rəhbəri Aqil Bəhramlı bildirib.

O deyib ki, yeni binada maraqlı tamaşalar səhnələşdiriləcək, tamaşaçıları cəlb etmək üçün addımlar atılacaq.

"İlk növbədə ölkə başçısına bu möhtəşəm binaya görə kollektivimiz və teatrsevənlər adından dərin təşəkkürümü bildirirəm. Çox gözəl binadır, həm xarici görünüşündə, həm də daxildə xırda detallar belə möhtəşəm işlənilib. Hazırda Gəncə Dövlət Dram Teatrında 136 nəfər çalışır. Onlar texniki, yaradıcı və aktyor heyətindən ibarətdir. Bu teatr binasında hər birimiz böyük məsuliyyət daşıyırıq. Bu cür möhtəşəm binada yeni tamaşalar səhnələşdirərək tamaşaçıları cəlb etməliyik. Əminliklə deyə bilərəm ki, yaradıcı kollektivimizlə birgə üzərimizə düşən məsuliyyətin öhdəsindən gələcəyik".

Onun sözlərinə görə, teatr binasının böyük və kiçik olmaqla iki zalı var: "Böyük zal 478 tamaşaçı tutur, 22 nəfərlik loja var, səhnə müasir işıq və səs sistemi ilə təchiz olunub. Səhnə teatr termini ilə desək, güzgüsü birindən digərinə 18 metrdir. Səhnənin dərinliyi 20 metrdən, dairə isə 11 metrdən çoxdur.

Kiçik zal binanın 4-cü mərtəbəsindədir və 120 nəfərlikdir. Orada da tamaşaçılar üçün çox gözəl şərait yaradılıb. Zal müasir işıqlandırma və səs sistemi ilə təchiz olunub. Binada həmçinin 2 muzey var. Muzeylərdə 135 eksponat və rəsm əsərlərindən ibarət, Azərbaycanın məhşur teatr və kino aktyorlarının portretləri və filmlərdə geyinilmiş paltarlarını görmək olar".

A.Bəhramlı deyib ki, yeni teatr binasında ilk olaraq "Cavad xan" tamaşasının premyerası planlaşdırılır:

"Biz bu tamaşanın üzərində çoxdan işləyirik. Hazırda kollektivimizlə birgə tamaşanın üzərində çalışırıq və yaxın zamanlarda yeni binanın gözoxşayan səhnəsində teatrsevərlərin qarşısına məhz bu, yeni üslubda olan tamaşa ilə çıxacağıq. Teatr bütün müasir standartlara cavab verir və mən deyərdim ki, Cənubi Qafqazda bundan başqa bu cür möhtəşəm teatr yoxdur. Yeddi mərtəbəli olan bu teatr binası böyük festivallar, dövlət əhəmiyyətli tədbirlər keçirmək, tamaşalar səhnələşdirmək üçün bütün standartlara cavab verir. Yeni texnologiyalarla təchiz olunmuş binada qrim otaqları, mehmanxana, idman zalı, kafe və kitabxana da fəaliyyət göstərəcək. Teatra öz avtomobilləri ilə gələnlər üçün avtomobil dayanacağı da yaradılıb.

Bundan başqa, binanın daxilində müasir isitmə-soyutma və havalandırma sistemləri quraşdırılıb. Bu da ilin istənilən mövsümündə həm teatr heyətinin, həm də tamaşaçıların rahatlığını təmin edəcək. Teatrsevənləri nəzərə alaraq onu da bildirim ki, gələcəkdə yeni müasir standartlara uyğun afişalar da hazırlanacaq. Həmin afişalar tək banner yox, həmçinin led monitorlu müasir afişalar olacaq. Orada tamaşalar haqqında həm məlumatlar, həm də qısa videogörüntülər yayımlanacaq".

A.Bəhramlı əlavə edib ki, Gəncə Dövlət Dram Teatrının əvvəlki binası illərdir teatr kimi fəaliyyət göstərsə də, həmin bina artıq müasir tələblərə cavab vermirdi: "Həmin bina Regional Mədəniyyət İdarəsinin balansındadır. Yəqin ki, orada da müəyyən təmir-bərpa işləri aparıldıqdan sonra mədəniyyətin başqa sahəsinin ixtiyarına veriləcək. Hətta müəyyən yenidənqurma işləri görülsə, bəzi kiçik tamaşaların səhnələşdirilməsi məkanı kimi fəaliyyət göstərə bilər. Buna aidiyyəti qurumlar qərar verəcək".

Qeyd edək ki, Gəncə Dövlət Dram Teatrı 13 noyabr 1921-ci ildə Hacıağa Abbasovun təşəbbüsü və rəhbərliyi ilə Bakıda yaradılıb. 1921-ci ildən 1925-ci ilə qədər "Tənqid-təbliğ" teatrı adı ilə, 1925-ci ildən 1932-ci ilə qədər isə "Bakı-işçi-kəndli" teatrı adı ilə fəaliyyət göstərib.

1932-ci ilin dekabr ayında teatr bütün heyəti ilə birlikdə Gəncəyə köçürülüb və Qırmızı bayraqlı Türk İşçi Teatrı adı ilə fəaliyyətini davam etdirib.

Teatr Gəncəyə köçdükdə Abbas Mirzə Şərifzadə, Ağasadıq Gəraybəyli, Fatma Qədiri, İsmayıl Talıblı, Əhməd Salahlı, İsmayıl Əfəndiyev, Atamoğlan Rzayev kimi sənət fədailəri də Gəncəyə köçür və öz fəaliyyətlərini burada davam etdirirlər.

Teatr 1964-1990-cı illərdə Cəfər Cabbarlı adına Kirovabad Dövlət Dram Teatrı, 1990-cı ildən Gəncə Dövlət Dram Teatrı adlanıb. Teatrın əvvəlki binası 1886-cı ildə alman sahibkar Xristofor Förer tərəfindən şərab anbarı kimi tikilib, 1932-ci ildə müəyyən qədər rekonstruksiya olunaraq teatr kimi fəaliyyət göstərib.

Teatrın yeni binası isə Gəncə çayının sağ sahilində, Əhməd Cəmil küçəsi ilə Abbas Abbaszadə küçəsinin kəsişməsində inşa olunub.

Prezident İlham Əliyev yanvarın 30-da Gəncə Dövlət Dram Teatrının yeni binasının açılışında iştirak edib.

Son xəbərlər

Orphus sistemi