Fransada “Qarabağa aparan yol” filmi nümayiş etdirilib

Fransada “Qarabağa aparan yol” filmi nümayiş etdirilib Fransanın paytaxtı Parisdə, Azərbaycanın Mədəniyyət Mərkəzində“Qarabağa aparan yol” filmi nümayiş etdirilib.
Mədəniyyət siyasəti
17 İyun , 2022 03:25
Fransada “Qarabağa aparan yol” filmi nümayiş etdirilib

Fransanın paytaxtı Parisdə, Azərbaycanın Mədəniyyət Mərkəzində “Qarabağa aparan yol” filmi nümayiş etdirilib.

“Report”un Fransa bürosu xəbər verir ki, Azərbaycan Respublikasının Fransadakı səfirliyinin və Fransanın “Ere TV” kanalının təşkilatçılığı ilə keçirilən premyerada ölkəmizin Fransadakı səfiri Rəhman Mustafayev, “Ere TV” kanalının icraçı direktoru Şokri Amri, fransalı professorlar, jurnalistlər və digər şəxslər iştirak ediblər.

Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev Qarabağa aparan yolun asan olmadığını, torpaqlarımızın geri qaytarılmasının xalqımızın böyük inamı, dönməz iradəsi, birliyi, igid əsgərləri, müdrik dövlət rəhbəri və uğurlu siyasəti sayəsində mümkün olduğunu bildirib. Səfir işğaldan azad edilən torpaqların tarixinə toxunub, Qarabağ xanlığı haqqında məlumat verib, Şuşanın Azərbaycan xalqı üçün çox böyük əhəmiyyət daşıdığını qonaqların diqqətinə çatdırıb.

“Ere TV” kanalının icraçı direktoru Şokri Amri çıxışında filmin çəkilişi haqqında ətraflı məlumat verib. Azərbaycan tarixinin bir hissəsini əks etdirən filmin çəkilişi üçün “Ere TV”nin əməkdaşlarının Füzuli, Ağdam və Şuşada olduqlarını, müharibə fəlakətlərinin nəticələrini gördüklərini, bir həftə gecə və gündüz durmadan çalışdıqlarını, faktları olduğu kimi, jurnalist bitərəfliyinə hörmət edərək, tərəf tutmadan dürüst şəkildə təqdim etdiklərini bildirib.

Sonda filmin nümayişində iştirak edən qonaqların Qarabağın tarixi, bu gün həmin torpaqlarda aparılan yenidənqurma işləri, ərazilərdəki minaların təmizlənməsi və digər sualları cavablandırılıb.

Son xəbərlər

Orphus sistemi