Bakıda Argentina mədəniyyətinə həsr olunmuş gecə keçirilib.
“Report” xəbər verir ki, tədbir bu ölkənin Azərbaycandakı səfirliyinin dəstəyi ilə təşkil olunub.
Tədbirin əvvəlində çıxış edən Argentinanın Azərbaycandakı səfiri Marianxeles Belluçi gecənin ölkəsinin mədəniyyətinin ən populyar iki elementinə - malbek və tanqoya həsr olunduğunu qeyd edib.
“Malbek gavalı və albalı kimi xoş meyvəli ətirlərə malik zəngin bənövşəyi-qırmızı rəngli şərabdır. Hazırda malbek şərabının əsas istehsalçısı məhz Argentinadır. Tanqo isə öz növbəsində xalqımızın temperamentini təcəssüm etdirən rəqsdir. Bugünkü tədbirdə tanqonu Azərbaycan rəqqasları ifa edəcəklər. Biz rəqsin Azərbaycan və Argentina mədəniyyətləri arasında necə körpü ola biləcəyini nümayiş etdirəcəyik”, - səfir deyib.
Gecənin iştirakçıları, həmçinin Argentinaya həsr olunmuş rəsm sərgisi ilə tanış olmaq fürsəti əldə ediblər.