Azərbaycan Heydər Əliyev Fondunun, ölkəmizin Fransadakı səfirliyinin, Azərbaycanın Dostları Assosiasiyasının (ADA), Paris Azərbaycan Evinin, AZPROMO-nun dəstəyi ilə Parisdə keçirilən 5-ci beynəlxalq qastronomiya festivalında təmsil olunur.
“Report”un Fransa bürosu xəbər verir ki, festivalda fransalı və xarici qonaqlar Azərbaycan mətbəxi ilə tanış olublar.
Məqsəd Azərbaycanı Fransada daha yaxından tanıtmaq, mədəni irsə malik iki xalq arasında dostluq əlaqələrini daha da möhkəmləndirməkdir.
Tədbir zamanı qonaqlara Azərbaycan mətbəxindən və şirniyyatından nümunələr qonaqlara paylanılıb, milli kulinariyamıza həsr edilmiş kitablar nümayiş olunub, mətbəximiz, ölkəmiz haqqında məlumat verilib.
Milli kulinarlar “Şuşa ili” çərçivəsində Qarabağ bölgəsinin mətbəxinə də xüsusi yer ayırıblar.
Tədbir çərçivəsində müxtəlif ölkələrin milli rəqsləri və musiqiləri də ifa olunub. Azərbaycan milli rəqslərini Parisdə yaşayan Səma Muqadam ifa edib.
Azərbaycanın stendini çoxlu sayda fransalı və xarici qonaqlar, habelə yerli jurnalistlər, deputatlar, Fransanın məşhur aşbazları ziyarət ediblər.
Festival çərçivəsində dolmanın hazırlanmasına həsr edilmiş “dəyirmi masa” da keçiriləcək. Tədbirdə ADA- nın baş katibi, Paris Azərbaycan Evinin rəhbəri Mirvari Fətəliyeva UNESCO-nun qeyri-maddi mənəvi irsi siyahisina adı düşmüş Azərbaycan milli yeməyi dolma və həmçinin onun hazırlanması qaydaları haqqında danışacaq.
Qeyd edək ki, “Dünya mətbəxi” beynəlxalq festivalına 50-dən artıq ölkənin nümayəndələri qatılıb. Festival sentyabrın 4-dək davam edəcək.