ABŞ-da Yeni il şənlikləri özəllikləri ilə diqqəti cəlb edir

ABŞ-da Yeni il şənlikləri özəllikləri ilə diqqəti cəlb edir Amerika Birləşmiş Ştatları Yeni ilə hazırlaşır. Hər il Yeni il ərəfəsində Nyu-York küçələri böyük, işıqlı Yeni il ağacını xatırladır. Bu il koronavirus (COVID-19) infeksiyasının yayılması Nyu-York şəhərinə ciddi təsir etsə də, ənənəvi bayram hazırlıqları
Maraqlı
27 Dekabr , 2020 17:32
ABŞ-da Yeni il şənlikləri özəllikləri ilə diqqəti cəlb edir

Amerika Birləşmiş Ştatları Yeni ilə hazırlaşır. Hər il Yeni il ərəfəsində Nyu-York küçələri böyük, işıqlı Yeni il ağacını xatırladır. Bu il koronavirus (COVID-19) infeksiyasının yayılması Nyu-York şəhərinə ciddi təsir etsə də, ənənəvi bayram hazırlıqları ləğv olunmayıb.

“Report”un xüsusi müxbiri xəbər verir ki, Nyu-York şəhərinin əsas Milad ağacının işıqlarının yandırılması mərasimi keçirilib. Al-əlvan rəngli işıqlara bürünən şəhərdə ən qeyri-adi Yeni il işıqları Bruklinin məşhur Dayker Hayts ("Dyker Heights"-red) rayonunda qurulub.

Xüsusi müxbirimiz hər gün minlərlə insanın ziyarət etdiyi ərazini gəzib. Bir vaxtlar İtaliyadan Nyu-York şəhərinə köçmüş immiqrantların yaşadığı bu işıqlı evlərin olduğu məhəllə yüksəkliklərdən də görünür. Ənənəvi olaraq hər il Yeni il ərəfəsində Dayker Hayts ailələri öz evlərinin üstünü və həyətlərini Yeni il atributları, Şaxta baba, Qar qız və müxtəlif rəngli və fiqurlu işıqlarla bəzəyərək sanki bir-birləri yarışa girirlər.

200-dən çox Dayker Hayts (Dyker Heights) ailəsinin yaşadığı məhəllədəki evlər, saat beşdən doqquzadək on minlərlə xüsusi dizayn edilmiş işıqlarla işıqlandırılır. Rəngli çılçıraqlarla dolu olan məhəlləni ziyarət etmək üçün hər il dünyanın dörd bir yanından minlərlə turist Nyu-York şəhərinə axışırdı. Bu il pandemiya səbəbindən ştatda tətbiq olunan sərt karantin rejmi turistlərin Nyu-Yorka gəlişinə məhdudiyyət qoyub. Lakin buna baxmayaraq, yerli ziyarətçilərə açıq olan işıqlı evlərə maraq yenə böyükdür.

Ev sahibləri ay ərzində elektrik enerjisindən istifadəyə görə təxminən 5 000-8 000 ABŞ dollar pul ödədiklərini deyirlər. Onlar bu xərcləri öz vəsaitləri hesabına qarşılayırlar. Belə ki, evləri ziyarət edən ziyarətçilərdən ödəniş tələb olunmur. Onlar yanıb-sönən rəngarəng işıqların önündə şəkillər çəkdirir, musiqi sədaları ilə rəqs edirlər.

Vüsalə Abbasova

Son xəbərlər

Orphus sistemi