Bakı. 3 noyabr. REPORT.AZ/ ABŞ-ın Miçiqan ştatının sakini Marqaret Tom Bikem 97 yaşında orta təhsil diplomunu alıb. "Report" "Dailymail"ə istinadən xəbər verir ki, ailəsinə kömək etmək məcburiyyətində qalan xanım Bikem Qrand Rapids şəhərindəki mərkəzi katolik orta məktəbinin 1936-cı ilin məzun diplomuna xüsusi tədbirdə sahib olub.
Tədbir Marqaretin hazırda yaşadığı Yorkşir və Stounbricdəki qocalar evində keçirilib
Ailəsi və dostlarının iştirak etdiyi tədbirdə Marqaret ağlaya-ağlaya məzun papağını geyib və məktəbin səlahiyyətli şəxslərinə təşəkkürünü bildirib. O, təhsilini yarımçıq qoymaq məcburiyyətində qaldığını və bu addımı çox çətinliklə atdığını deyib.
Bikem 17 yaşı olarkən xərçəng xəstəliyinə tutulmuş anası Ketrinin yanında olmaq üçün məktəbi atmalı olmuşdu. Anasının ölümündən sonra isə o, ailənin 3 azyaşlı uşağına baxdığından məktəbə getməyə vaxt tapa bilməyib.
Amma hər dəfə o, orta təhsilini bitirməyi arzuladığını deyirmiş. Elə buna görə də 2015-ci ildə Bikemin əmisi nəvəsi məktəbə müraciət edərək olanları izah edib. Təhsil ocağının rəhbərliyi də üstündən 80 il keçəndən sonra qadının arzusunu gerçəkləşdirməyə qərar verib.