Yuxarı

Azərbaycan Mərkəzi Bankı və Dünya Bankı arasında görüş keçirilib

Bakı. 20 fevral. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov Dünya Bankının (DB) Cənubi Qafqaz üzrə regional direktoru Mersi Tembonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

"Report" AMB-yə istinadən xəbər verir ki, nümayəndə heyətinin rəhbəri xanım Tembon son illərdə Azərbaycan hökuməti tərəfindən dayanıqlı iqtisadi artımın təmin olunmasında özəl sektorun iştirakının genişləndirilməsi ilə ölkənin neft və qaz resurslarından asılılığın azaldılması və iqtisadiyyatın şaxələndirilməsi istiqamətində mühüm səylərin həyata keçirildiyini qeyd edib. O, cari ilin əvvəlində Prezident İlham Əliyevin Davosda DB-nin baş icraçı direktoru xanım Kristalina Georgiyeva ilə görüşünü yüksək qiymətləndirərək bu görüşün birgə əməkdaşlıqda yeni perspektivlərə yol açdığını bildirib.

Görüş zamanı DB-nin Azərbaycandakı fəaliyyəti, mövcud layihə portfeli, Ölkə Tərəfdaşlıq Stategiyası çərçivəsində əməkdaşlığın nailiyyətləri və yeni perspektiv istiqamətləri, eyni zamanda DB-nin Azərbaycanda həyata keçirəcəyi potensial fəaliyyət istiqamətləri müzakirə olunub. Nümayəndə heyətinin rəhbəri DB-nin Azərbaycanda fəaliyyətinin uğurla davam olunmasına, həmçinin keçirdiyi tədbirlərə göstərdiyi dəstəyə görə AMB-nin sədrinə təşəkkürünü bildirib.

Öz növbəsində, sədr E.Rüstəmov ölkədə əldə olunmuş sürətli sosial-iqtisadi inkişaf, bərqərar olmuş ictimai-siyasi sabitlik sayəsində Azərbaycanın beynəlxalq aləmdə nüfuzu və beynəlxalq əməkdaşlıq üçün cəlbediciliyinin daim artdığını və belə əməkdaşlığın mühüm istiqamətlərindən birini nüfuzlu beynəlxalq maliyyə-kredit institutları, o cümlədən DB ilə əlaqələrin təşkil etdiyini qeyd edib.

Azərbaycanın DB ilə əməkdaşlığının yüksək səviyyədə olduğunu vurğulayan sədr E.Rüstəmov ölkədə makroiqtisadi sabitlik, qeyri-neft sektorunun inkişafı, ölkədə maliyyə sabitliyinin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərə dair ətraflı məlumat verib. Həmçinin E.Rüstəmov qlobal iqtisadi mühit və regional çağırışlar fonunda Azərbaycanın DB ilə əməkdaşlığının daha da dərinləşəcəyinə və ölkənin DB-nin institusional təcrübəsindən faydalanacağına əminliyini ifadə edib.

Görüşdə AMB və DB arasında əməkdaşlığın gələcək perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi