Türkiyədə yeni yaradılmış Azərbaycan kapitallı şirkətlərə investisiya 2 %-dən çox azalıb
- 25 mart, 2024
- 12:02
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-fevral aylarında Azərbaycan vətəndaşlarının iştirakı ilə Türkiyədə 35 şirkət yaradılıb ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 18,6 % azdır.
“Report” bu barədə "Türkiyə Odalar və Birjalar Birliyi"nə (TOBB) istinadən xəbər verir.
Məlumata görə, bu il yaradılmış şirkətlərin 9-u (illik müqayisədə 50 % çox) səhmdar cəmiyyət (SC), 26-sı isə (29,7 % az) məhdud məsuliyyətli cəmiyyət (MMC) formasındadır.
Hesabat dövründə yaradılmış şirkətlərin ümumi kapitalı 29 milyon 650 min türk lirəsi (889,5 min ABŞ dolları) olub ki, bu da 1 il əvvələ nisbətən 2,2 % azdır. Bunun 59,9 %-ni və yaxud 17 milyon 755 min türk lirəsini (532,7 min ABŞ dolları; 35,3 % az) sırf Azərbaycan vətəndaşları təmin edib.
Təkcə bu ilin fevral ayında isə Azərbaycan vətəndaşları Türkiyədə 20 şirkət (illik müqayisədə 5,3 % çox) yaradıb. Şirkətlərin 5-i SC (25 % çox), 15-i MMC (dəyişməyib) olub. Ümumi kapitalı 20 milyon 400 min türk lirəsi (612 min ABŞ dolları; 2,1 dəfə çox) olan ortaq şirkətlərin kapitalının 61,2 %-i və ya 12 milyon 475 min türk lirəsi (374 min ABŞ dolları; 42,9 % çox) azərbaycanlılara məxsus olub.
1 türk lirəsi = 0,03 ABŞ dolları