Nikolay Podquzov: "Azərbaycanın 2026-cı ildə EDB-yə qoşulacağına ümid edirik" - MÜSAHİBƏ
- 18 dekabr, 2025
- 14:11
Azərbaycan beynəlxalq inkişaf institutları ilə dialoqu fəallaşdıraraq onları iqtisadiyyatın şaxələndirilməsinin sürətləndirilməsi və iri infrastruktur layihələrinin reallaşdırılması üçün mühüm maliyyə və tərəfdaşlıq aləti kimi nəzərdən keçirir. Bu kontekstdə ölkənin sərhədlərarası təşəbbüslərin, nəqliyyat-logistika layihələrinin, enerji və dayanıqlı inkişafın maliyyələşdirilməsinə fokuslanan Avrasiya İnkişaf Bankına (EDB) mümkün qoşulması ilə bağlı müzakirələr daha konkret mərhələyə keçib.
Avrasiya İnkişaf Bankının İdarə Heyətinin sədri Nikolay Podquzov "Report"a müsahibəsində bu dialoqun hazırkı vəziyyəti, Azərbaycan iqtisadiyyatında bank üçün prioritet sayılan sahələr, eləcə də mümkün birgə regional layihələrə dair perspektivlər barədə fikirlərini bölüşüb.
Həmin müsahibəni oxucularımıza təqdim edirik:
- Azərbaycanın Avrasiya İnkişaf Bankına qoşulması mümkünlüyü ilə bağlı konkret məsləhətləşmələr aparılırmı? Bu dialoq hansı mərhələdədir, qoşulma müddəti və ya proseduru ilə bağlı təxmini qiymətləndirmələr varmı?
- Bəli, belə bir dialoq aparılır. 2025-ci ildə biz Azərbaycanda səfərdə olduq və bildiyim qədəri ilə, bu məsələ ilə bağlı artıq müəyyən məlumatlar var. Biz maliyyə və iqtisadiyyat nazirliklərinin nümayəndələri ilə görüşlər keçirdik. Bu görüşlərin yekunu üzrə İqtisadiyyat Nazirliyi hökumətə müvafiq məruzə hazırlayıb. Güman edirəm ki, Azərbaycanın EDB-yə üzvlüyü planı dəstəklənib.
Aydındır ki, ölkə daxilində hələ də müəyyən razılaşmalar tələb olunur və biz səhmdar ölkələrin razılığını səbirlə gözləyirik. Ümumilikdə, Azərbaycanın banka üzvlüyü tam dəstəklənir. Eyni zamanda, müddətləri proqnozlaşdırmaq mənim üçün çətindir. Belə ki, məsələn, Özbəkistanla prosesin özü 2021-ci ilin sonu - 2022-ci ilin əvvəlində başlayıb və təxminən üç il davam edib. Qərar isə 2025-ci ildə qəbul edilib.
Ümid edirəm ki, bu dəfə proses daha sürətli olacaq, bankın 2011-ci ildən bəri genişlənməməsi faktı da burada mühüm rol oynayacaq. Müvafiq olaraq, indi digər ölkələr bu yolu bir qədər daha operativ şəkildə keçə bilər. Mən çox ümid edirəm ki, bu, 2026-cı ildə baş verəcək, lakin hələlik qəti zəmanətlər də vermək mümkün deyil.
- Azərbaycan iqtisadiyyatının hansı sahələri EDB üçün daha çox maraq doğurur? Nəqliyyat, energetika, aqrar- sənaye kompleksi və ya rəqəmsal texnologiyalar kimi sahələrdə konkret təşəbbüslərlə bağlı danışıqlar aparılırmı?
- Bütövlükdə, bankın strategiyası həm nəqliyyat infrastrukturu və logistikasının inkişafı, həm də ərzaq təhlükəsizliyi və digər istiqamətlər baxımından Azərbaycanın planları ilə üst-üstə düşür.
Azərbaycan neft-qaz sektorundan böyük gəlirlər əldə edən ölkədir. Eyni zamanda, ölkənin qarşısında iqtisadiyyatın şaxələndirilməsi və digər sahələrin inkişafı hesabına daha dayanıqlı artımın təmin edilməsi məsələsi durur. Biz, sözsüz ki, belə investisiyalara töhfə verə bilərik.
Xüsusilə yeni yaradılmış və telekommunikasiya və nəqliyyat sahələrində layihələrə böyük tələbatın olduğu "AZCON Holding"inin nümayəndələri ilə görüşdük. Burada biz konkret təşəbbüslərin müzakirəsinə hazırıq. Bundan başqa, Bakının infrastrukturu fəal və dinamik şəkildə inkişaf edir və biz şəhər infrastrukturu layihələrində də fəal iştirak edə bilərik. Beləliklə, əməkdaşlıq üçün potensial istiqamətlər kifayət qədərdir.
- Azərbaycan və onun regional tərəfdaşlarının iştirakı ilə transsərhəd infrastruktur layihələrinin maliyyələşdirilməsi üçün hansı perspektivlər var?
- Bank transsərhəd layihələrin maliyyələşdirilməsi üzrə ixtisaslaşıb. Fikrimcə, beynəlxalq inkişaf banklarının iştirakı ilə bu cür təşəbbüslər ilk növbədə, əvvəlki dövrlərdə itirilmiş ola bilən iqtisadi əlaqələrin bərpasına və möhkəmlənməsinə kömək edir. Biz bu cür layihələrdə iştirak etməyə və iqtisadi əməkdaşlığın ənənəvi istiqamətlərini dəstəkləməyə hazırıq.
Rusiya və Qazaxıstanın bankın təsisçiləri, Ermənistanın isə fəal iştirakçısı olduğunu nəzərə alsaq, Xəzər hövzəsi regionunda son dərəcə perspektivli layihələr həyata keçirilə bilər. Burada investisiya təşəbbüsləri üçün doğrudan da əhəmiyyətli potensial mövcuddur.