Dövlət Komitəsinin sədri ABŞ-nin Azərbaycandakı Müvəqqəti işlər vəkili ilə görüşüb
- 18 dekabr, 2025
- 18:16
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov ABŞ-nin Azərbaycandakı Müvəqqəti işlər vəkili Emi Karlon ilə görüşüb.
"Report" xəbər verir ki, görüş zamanı Komitə sədri Ramin Məmmədov bu il Vaşinqtonda Azərbaycan Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında imzalanan Anlaşma Memorandumundan sonra bütün sahələrdə, o cümlədən dini müstəvidə əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu qeyd edib.
O bildirib ki, bu yeni mərhələdə formalaşan imkanlardan səmərəli istifadə edərək Azərbaycan ilə ABŞ arasında dini sahədə əməkdaşlığı inkişaf etdirmək mümkündür.
Görüşdə ölkədə həyata keçirilən uğurlu dövlət-din siyasətinin nəticəsi olaraq formalaşmış multikultural mühitdən bəhs edən Ramin Məmmədov vurğulayıb ki, bu istiqamətdə görülən məqsədyönlü işlər cəmiyyətdə milli-mənəvi dəyərlərin qorunmasına, dinlərarası həmrəyliyin və vətəndaş birliyinin daha da möhkəmlənməsinə xidmət edir.
Müvəqqəti işlər vəkili Emi Karlon Azərbaycanda müşahidə olunan dini tolerantlıq, multikulturalizm mühitini yüksək qiymətləndirib, müxtəlif dini konfessiya nümayəndələri arasında mövcud olan qarşılıqlı anlaşma və əməkdaşlığın nümunəvi xarakter daşıdığını qeyd edib.
Multikulturalizmin Azərbaycanın ən güclü və cəhətlərindən biri olduğunu xüsusi vurğulayan E. Karlon ABŞ-nin əsas məqsədinin regionda sülhün, sabitliyin və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə töhfə verməkdən ibarət olduğunu bildirib.
O, eyni zamanda gələn il ABŞ-Azərbaycan münasibətlərinin daha da dinamik inkişaf edəcəyini, bir sıra ictimai-siyasi xadimlərin Azərbaycana səfərlərinin planlaşdırıldığını qeyd edib.
İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin Bakı ofisinin açılmasını yüksək dəyərləndirildiyini vurğulayıb.
Müvəqqəti işlər vəkili ABŞ-nin Beynəlxalq Din Azadlığı Komissiyasının hesabatının qərəzli yanaşmalardan, habelə əsassız iddialardan uzaq hazırlanmasının, Azərbaycanın mövcud reallıqlarını, ölkədə dini etiqad azadlığının təmin olunması və tolerant mühitin faktiki vəziyyətini obyektiv, dolğun şəkildə əks etdirməsinin vacibliyini də xüsusi olaraq vurğulayıb.