Kreditorlar komitəsi: “Bank Standart”ın bəzi daşınmaz əmlaklarının artıq satılması ilə bağlı məlumatlar var
- 07 sentyabr, 2017
- 14:06
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 7 sentyabr. REPORT.AZ/ Ləğvetmə prosesində olan "Bank standart” QSC-nin iri debitorlarına güzəştlərlə bağlı danışıqların getdiyi deyilir.
“Report” xəbər verir ki, bu barədə Bankın Kreditorlar Komitəsinin ölkə prezidentinə hazırladığı müraciətdə (məktubda) bildirilir.
Məktubda deyilir ki, iri debitorların bir qismi Azərbaycan məmurlarının yaxınlarıdır. Komitə həmçinin məktubda "Bank Standard"ın bəzi daşınmaz əmlaklarının artıq satılması ilə bağlı məlumatların olduğunu qeyd edib.
Bundan başqa, məktubda yazılıb ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının və Bankın ləğvedicisi olan Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun kredit təşkilatındakı qorunmayan əmanətlərin həcmi ilə bağlı açıqladığı rəqəmlər arasında uyğunsuzluq var. Belə ki, bank bağlananda Palata bu rəqəmin 60 mln. manat olduğunu bəyan edib. İndi isə Fond bəyan edir ki, qorunmayan əmanətlər 157 mln. manatdır.
Qeyd edək ki, məktubun yekun variantı razılaşdırıldıqdan sonra kreditorlar tərəfindən imzalanaraq prezidentə göndəriləcək.