Sabir Allahquliyev: "Legionersiz oynamağımız nəticəyə təsir etdi"

Futbol
  • 31 oktyabr, 2026
  • 17:10
Sabir Allahquliyev: Legionersiz oynamağımız nəticəyə təsir etdi

"World Winners Cup Alanya 2026" turnirində mübarizə aparan Azərbaycanın çimərlik futbolu komandası "Marafon" İK-nın heyətində legionerlərin yer almaması komandanın nəticəsinə təsir göstərib.

Bunu "Report"a açıqlamasında komandanın kapitanı Sabir Allahquliyev deyib.

O, rəqiblərdən oyun baxımından geri qalmadıqlarını bildirib:

"Heç bir komandadan geri qalmadıq, hamısı ilə başabaş oynadıq. Rəqiblərin heyətində Bolqarıstan, Çin və Ukrayna millilərinin üzvləri çıxış edirdilər. Bizim onlardan geri qalmağımızın əsas səbəbi heyətimizdə legionerlərin olmaması idi. Rəqiblərimizdə 3-5 əcnəbi futbolçu oynayırdı. Məsələn, Çin təmsilçisi yerli futbolçularla yanaşı, heyətinə 5 braziliyalı futbolçu qatmışdı. Biz isə turnirə yalnız yerli və gənc idmançılarla, eləcə də millimizin üzvləri ilə yollanmışdıq".

Kapitan qrup oyunları zamanı bəzi amillərin nəticəyə mənfi təsir etdiyini diqqətə çatdırıb:

"Bolqarıstan təmsilçisi ilə matçda hesabda öndə idik, qalib gələ bilərdik. Lakin iki oyunu yağışlı hava şəraitində keçirməyimiz öz təsirini göstərdı, çünki əvvəllər belə havada oynamamışdıq. Fiziki baxımdan pis təsir bağışlamadıq. Məğlub olduğumuz Ukrayna klubu final matçına çıxacaq. Onlarla görüşdə sadəcə təcrübə çatmadı. Belə turnirlərdə tez-tez iştirak etmək bizim üçün faydalıdır. Bu, həm gənclərin inkişafına, həm də oyun təcrübəsi toplamağa kömək edər. Çünki güclü legionerlərə qarşı oynamaq asan deyil".

S.Allahquliyev əsas hədəfin qrupdan çıxmaq olduğunu söyləyib:

"Turnirə gələrkən əsas niyyətimiz qrupdan çıxmaq və ilk "20-lik"də yer almaq idi. Lakin bunu bacarmadıq. İlk dəfədir belə yarışda iştirak edirik. Turnirdə çimərlik futbolunun dünya ulduzları mübarizə aparırdı. İlk təcrübə olduğunu nəzərə alsaq, tutduğumuz mövqeyi normal qiymətləndirirəm".

Qeyd edək ki, "Marafon" İK turnirdə keçirdiyi 4 oyunun hamısında məğlub olaraq 32 komanda arasında 25-ci pilləni tutub.