ING: Azərbaycanda valyuta dəhlizi ticarət profisitinin azalması fonunda diqqət obyektinə çevrilə bilər
- 13 iyun, 2025
- 13:45
Azərbaycanda valyuta dəhlizinin azalan ticarət profisiti və enerji bazarında artan qeyri-müəyyənlik fonunda qorunması zamanla ölkənin valyuta bazarına marağı artıra bilər.
Bu barədə “Report” Niderlandın ən böyük bank qrupu olan “ING Group”un icmalına istinadən xəbər verir.
ING-nin təhlilinə görə, MDB-4 ölkəsi - Azərbaycan, Ermənistan, Özbəkistan və Qazaxıstan - milli valyutaların ümumi möhkəmlənməsinə baxmayaraq, artan inflyasiya riskləri ilə üzləşirlər.
"Qlobal volatilliyin bir qədər azalması səbəbindən bazarların diqqəti yenidən daxili çağırışlara yönəlib. Region ölkələrin valyutaları ABŞ dollarına qarşı möhkəmlənir. Lakin onların artımını daxili makroiqtisadi və siyasi amillər məhdudlaşdırır. Eyni zamanda, inflyasiya təzyiqi güclənir və mərkəzi banklar üçün çətinliklər yaradır", - ING-nin hesabatında bildirilib.
Son dörd həftə ərzində dollara sərt şəkildə bağlı olan Azərbaycan manatı istisna olmaqla, MDB-4 ölkəsinin valyutaları ABŞ dollarına qarşı 1,5-2 % möhkəmlənib. Analitiklər qeyd ediblər ki, bu əsasən xammal aktivlərinin qiymətlərinin artması fonunda dolların ümumi zəifləməsini əks etdirir: “Brent” markalı neft 6-7 %, qızıl 1 % bahalaşıb, Rusiya rublu isə 3 % möhkəmlənib.
Eyni zamanda, analitiklərin fikrincə, Ermənistan dramı gözləntilərdən daha güclü qalır, Özbəkistan sumunun devalvasiyasının dayandırılması müsbət siqnal kimi qiymətləndirilir, Azərbaycanın valyuta siyasəti isə xarici ticarət və enerji bazarında qiymət riskləri fonunda zamanla daha çox diqqət cəlb edə bilər.
Bildirilib ki, ötən ilin ortalarından etibarən MDB-4 ölkəsinin əksəriyyətində istehlak qiymətlərinin artması müşahidə olunur.
Analitiklər təklif baxımından əsas inflyasiya amillərinə qlobal ərzaq qiymətlərinin artmasını, regionun əsas ticarət tərəfdaşı olan Rusiyada davamlı yüksək inflyasiyanı, Qazaxıstan və Özbəkistanda kommunal xidmət tariflərinin artırılmasını, eləcə də Qazaxıstanda 2026-cı ildə ƏDV dərəcəsinin artırılması (12 %-dən 16 %-ə) gözləntilərini aid edirlər.
Analitiklərin fikrincə, tələb nöqteyi-nəzərindən təzyiq Ermənistan, Qazaxıstan və Özbəkistanda fiskal siyasətin genişlənməsi, Ermənistan və Qazaxıstanda pərakəndə kreditləşmənin aktiv artımı ilə yaranır. Bu isə daxili tələbi və inflyasiya gözləntilərini daha da artırır.
"İnflyasiyanın artması MDB-4 ölkəsinin mərkəzi banklarını çətin vəziyyətə salır. Bir tərəfdən, faktiki inflyasiyanın hədəf göstəricilərdən kənarlaşmasına reaksiya vermək tələb olunur. Bu isə son rüblərdə Qazaxıstan və Özbəkistanda əsas faiz dərəcələrinin artırılmasına səbəb olub. Digər tərəfdən, inflyasiya təzyiqinin bir hissəsi xarici amillər və xərclərlə bağlıdır. Bu isə pul-kredit siyasətinin sərtləşdirilməsinin effektivliyini məhdudlaşdırır. Xüsusilə, Qazaxıstan Milli Bankı faiz dərəcəsini saxlayaraq, makroprudensial tədbirlərlə pərakəndə kreditləşmənin məhdudlaşdırılmasına diqqət yetirib. Azərbaycan Mərkəzi Bankı da inflyasiyanın sürətlənməsinə baxmayaraq faiz dərəcəsini dəyişməz saxlayıb. Özbəkistan Mərkəzi Bankı dərəcəni 14 % səviyyəsində saxlayıb, Ermənistan Bankının isə inflyasiya amillərinin strukturunda qeyri-müəyyənlik səbəbindən dərəcəni cari 6,75 % səviyyəsində saxlayacağı gözlənilir", - hesabatda bildirilib.
Analitiklər qeyd ediblər ki, ING nisbi makroiqtisadi dayanıqlılıq sayəsində MDB-4 ölkəsinin valyutalarına qısamüddətli perspektivdə mötədil müsbət baxışını saxlayır.
Bildirilib ki, davam edən inflyasiya, qlobal tələbdə qeyri-müəyyənlik və geosiyasi risklər şəraitində regionun mərkəzi bankları inflyasiyanın qarşısının alınması və iqtisadi artımın dəstəklənməsi arasında ehtiyatlı balans saxlamağa məcbur olacaqlar.
ING-nin məlumatına görə, fiskal siyasət və valyuta məzənnələrinin dinamikası növbəti aylarda MDB-4 regionunda risklərin qiymətləndirilməsi üçün əsas amillər olaraq qalacaq.