Günel Bəhramqızı: "IOTA üzvlərinin Azərbaycana göstərdiyi etimad üzərimizə böyük məsuliyyət qoyur"

Günel Bəhramqızı: "IOTA üzvlərinin Azərbaycana göstərdiyi etimad üzərimizə böyük məsuliyyət qoyur" Avropadaxili Vergi Administrasiyaları Təşkilatı (IOTA) üzvlərinin Azərbaycana göstərdiyi etimad üzərimizə böyük məsuliyyət, eyni zamanda böyük iş həcmi qoyur.
Maliyyə
22 İyun , 2024 12:58
Günel Bəhramqızı: IOTA üzvlərinin Azərbaycana göstərdiyi etimad üzərimizə böyük məsuliyyət qoyur

Avropadaxili Vergi Administrasiyaları Təşkilatı (IOTA) üzvlərinin Azərbaycana göstərdiyi etimad üzərimizə böyük məsuliyyət, eyni zamanda böyük iş həcmi qoyur.

Bunu "Report"a açıqlamasında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) Media və kommunikasiya idarəsinin əməkdaşı Günel Bəhramqızı deyib.

O bildirib ki, Dövlət Vergi Xidməti 2002-ci ildən etibarən IOTA-nın tam hüquqlu üzvüdür, indiyədək 3 dəfə Təşkilatın İcraiyyə Şurasında təmsil olunub: "Azərbaycan MDB ölkələri arasında IOTA-nın İcraiyyə Şurasına seçilən ilk ölkədir və Dövlət Vergi Xidməti Təşkilatın işində yaxından iştirak edir. Beləliklə, Baş Assambleya çərçivəsində Azərbaycan nümayəndəsinin IOTA prezidentliyinə seçilməsi əslində uzun sürən bir prosesdən sonra irəli gəlib. Bu, əlbəttə təkcə DVX-nın deyil, ölkəmizə beynəlxalq arenada artan nüfuz və etimadın göstəricisidir".

G. Bəhramqızı qeyd edib ki, Təşkilata prezidentlik, həmçinin müəyyən öhdəliklərin yaranması deməkdir: "Azərbaycan İcraiyyə Şurasında təmsil olunacaq və Şuraya sədrlik edəcək. İcraiyyə Şurasının il ərzində müvafiq iclasları keçirilir ki, bu iclaslarda strateji əhəmiyyətli məsələlər, yeni üzvlərin və ya assosiativ üzvlərin qəbul olunması, IOTA Nizamnaməsinə dəyişikliklərin edilməsi, Təşkilatın yeni daxili qaydalarının qəbul olunması və sair kimi məsələlər həll olunur. Bundan başqa, IOTA-nın digər beynəlxalq təşkilatlarla əməkdaşlıq məsələlərində təmsil etmək, Təşkilat tərəfindən təşkil olunan digər tədbirlərdə iştirak gərəkdir. DVX IOTA tədbirlərində həm təqdimatçı ekspert, həm də iştirakçı qismində fəal iştirak edəcək. Bundan əlavə Azərbaycan 2025-ci ildə keçiriləcək 29-cu Baş Assambleyaya da ev sahibliyi edəcək".

IOTA-nın fəaliyyəti barədə də məlumat verən İdarə əməkdaşı diqqətə çatdırıb ki, Təşkilat 43 Avropa ölkəsinin birləşdiyi və vergi sahəsində ixtisaslaşmış mühüm beynəlxalq təsisatdır: "IOTA öz üzvlərinə vergi inzibatçılığının praktiki aspektləri ilə bağlı mühüm məsələlər, yeni təcrübələr və vergi inzibatçılığı sahəsində tendensiyalar barədə məlumat, həmçinin təcrübə mübadiləsinin aparılması məqsədilə əməkdaşlıq platformasını təqdim edir. Təşkilatın əsas fəaliyyəti üzv vergi administrasiyalarına vergi inzibatçılığının müxtəlif istiqamətləri üzrə seminarlar, forumlar və təlimlər təşkil etməklə bilik və bacarıqların inkişaf etdirilməsinə, məlumat və fikir mübadiləsinin aparılmasına töhfə verməkdir. IOTA çərçivəsində əməkdaşlıq təşkilata üzv dövlətlərin vergi orqanları ilə ikitərəfli əməkdaşlığın da əsasını təşkil edir, eləcə də vergitutma sahəsində beynəlxalq təcrübənin ətraflı öyrənilməsi, beynəlxalq vergitutma sahəsində baş verən proseslər barədə məlumatların əldə edilməsi baxımından əhəmiyyətli hesab olunur".

Son xəbərlər

Orphus sistemi