"Fitch Solutions": Azərbaycan tədricən uzunmüddətli fiskal dayanıqlılığa keçir
- 20 fevral, 2026
- 15:11
Azərbaycanın dövlət büdcəsində qeyri-neft gəlirlərinin payı 2026-cı ildə ümumi gəlirlərin 57 %-ni keçəcək.
"Report" "Fitch Solutions" beynəlxalq analitik şirkətinə istinadən xəbər verir ki, 2026-cı ildə fiskal siyasət neft gəlirlərindən asılılığın tədricən azaldılmasına yönəlmiş konservativ yanaşma əsasında qurulacaq.
"Hökumət dövlət büdcəsi defisitinin ÜDM-in təxminən 1,9 %-i səviyyəsində olacağını gözləyir, bu da ümumilikdə 2025-ci ilin səviyyəsinə uyğundur. Gəlirlər və xərclər ildə təxminən 0,7 % olmaqla cüzi artacaq, bu da neft bazarındakı qeyri-müəyyənlik fonunda şüurlu məhdudiyyəti əks etdirir. Mühüm hadisə qeyri-neft gəlirlərinin payının artmasıdır, onların da 2026-cı ildə ikirəqəmli göstəricilərlə artacağı proqnozlaşdırılır", - hesabatda bildirilib.
Müəlliflər vurğulayıb ki, bu, Dövlət Neft Fondundan transfertlərin 11 % azalması ilə müşayiət olunacaq və bu da uzunmüddətli fiskal dayanıqlılığa tədricən keçiddən xəbər verir.
Qeyd edilib ki, 2025-ci ildə Azərbaycanın dövlət büdcəsinə qeyri-neft-qaz sektoru üzrə daxilolmalar 20,3 milyard manatı ötərək, hesabat dövrü ərzində büdcə gəlirlərinin 51,9 %-ni təmin edib. 2025-ci ildə bu cür gəlirlərin həcmi 2024-cü illə müqayisədə 3,6 % artıb.
2026-cı ildə büdcə gəlirləri 38 milyard 609 milyon manat (2025-ci ilin təsdiq olunmuş göstəricisindən 0,7 % çox), xərclər isə 41 milyard 703,6 milyon manat (+0,7 %) məbləğində təsdiq edilib.
2026-cı ilin icmal büdcəsində qeyri-neft gəlirlərinin payı cari illə müqayisədə 5 faiz bəndi artaraq 63 %-ə çatacaq. 2029-cu ilə olan proqnozlar göstərir ki, bu göstərici 69-70 %-ə qədər artırılacaq.