Bu ilin yanvar-aprel aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) xəttilə dövlət büdcəsinə 5 milyard 35,4 milyon manat vergi daxil olub, proqnoza 150,5 % əməl edilib.
"Report" DVX-ya istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi daxilolmaları 55,2 % və ya 1 milyard 791,5 milyon manat artıb.
Bildirilir ki, qeyri-neft-qaz sektorundan daxilolmalar 3 milyard 430,2 milyon manat olub, proqnoza 133,5 % əməl edilib. Dövlət büdcəsinə proqnozdan əlavə 860,6 milyon manat vəsait daxil olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 49,7 % və ya 1 milyard 139,5 milyon manat artıb.
Regionlar üzrə daxilolmalar 391 milyon manat olmaqla, proqnoz 112,9 % icra edilib. Ötən ilin eyni dövrü ilə müqayisədə bu mənbədən daxilolmalar 23,8 % artıb.
Ödənilən vergilərin 68,1 %-i qeyri-neft-qaz sektorunun, 31,9 %-i isə neft-qaz sektorunun payına düşüb.