Azərbaycanda dayanıqlılıq hesabatlılığının inkişafı müzakirə olunub
- 04 noyabr, 2026
- 16:34
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanda dayanıqlılıq hesabatlılığının inkişafı müzakirə olunub.
Bu barədə "Report" Britaniya–Azərbaycan Ticarət Palatasına (BCCA) istinadən xəbər verir.
Bununla bağlı müzakirələr BCCA-in Dayanıqlılıq və Enerji Komitəsi və "Association of Chartered Certified Accountants"un (ACCA) birgə təşkilatçılığı ilə "Azərbaycanda dayanıqlılıq üzrə hesabatlılıq: Cari vəziyyətin dəyərləndirilməsi və hazırlığın gücləndirilməsi" mövzusunda paneldə aparılıb.
Məlumata əsasən, bundan başqa, tədbirdə Azərbaycanda şirkətlərin bu sahədə üzləşdiyi praktiki çətinliklər və gələcək inkişaf imkanları müzakirə olunub. İştirakçılar dayanıqlılıqla bağlı məlumatların hazırlanması və daha əsaslandırılmış qərarların qəbulunda istifadəsi ətrafında fikir mübadiləsi aparıblar.
Açılışda BCCA Dayanıqlılıq və Enerji Komitəsinin rəhbəri Kənan Əhmədzadə və Maliyyə Nazirliyinin Uçot siyasəti şöbəsinin müdiri Firuzə Abdullayeva çıxış ediblər. Çıxışlarda dayanıqlılıq hesabatlılığının inkişafı üçün müxtəlif maraqlı tərəflər və sektorlar arasında əməkdaşlığın və təcrübə mübadiləsinin əhəmiyyəti vurğulanıb.
Tədbirdə, həmçinin ACCA-in dayanıqlılıq hesabatlılığına dair qlobal araşdırmasının əsas nəticələri təqdim olunub. Araşdırma təşkilatların dayanıqlılıq məlumatlarını hazırlamaq və istifadə etmək üçün hazırlıq səviyyəsini qiymətləndirir.
"Bu, Azərbaycanda dayanıqlılıq hesabatlılığı mövzusunda Britaniya–Azərbaycan Ticarət Palatası ilə ilk birgə tədbirimizdir. Ümid edirik ki, bu tədbir biznes ictimaiyyəti, dövlət sektoru və peşəkar qurumlar arasında dayanıqlılıq gündəliyinə dair daha geniş dialoqun başlanğıcı olacaq", - ACCA-in Avrasiya üzrə ictimaiyyətlə əlaqələr üzrə rəhbəri Gaukhar Aşirbekova bildirib.
Təqdimatın ardınca isə panel müzakirəsi keçirilib. Paneldə Auditorlar Palatasının sədr müavini Qoşqar Əhmədov, Azərbaycan Mərkəzi Bankının iqtisadçısı Əli Əhmədzadə, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ESG Standartlarının Tətbiqi Bölməsinin aparıcı mütəxəssisi Zeynəb Qədirova, "PwC Azərbaycan"ın Geniş Əminlik Xidmətləri və ESG (Ətraf mühit, Sosial məsuliyyət və Korporativ idarəetmə) praktikasının rəhbəri Günay Əsgərova və "Unibank"ın Dayanıqlılıq üzrə meneceri Səmra Talışınskaya-Abbasova iştirak ediblər.
Paneldə dayanıqlılıq hesabatlılığının inkişafı, şirkətlərin bu sahədə hazırlığının gücləndirilməsi və müxtəlif sektorların təcrübəsi müzakirə olunub.