Auditorlar Palatasının sədri bazar iştirakçılarına yeni tapşırıqlar verib
- 15 oktyabr, 2021
- 10:19
Yeniliklərdən dərhal xəbərdar olun!
Auditorlar Palatasının sədri Vahid Novruzov 2022-ci ildə auditor xidmətinin inkişafına dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
"Report"un məlumatına görə, sərəncamda deyilir:
- Ölkəmizdə auditor xidmətinin günün tələbləri səviyyəsində qurulmasına nail olmaqla əlaqədar Prezident cənab İlham Əliyevin Auditorlar Palatasının 25 illik yubileyinə həsr olunmuş “Şəffaflıq və audit: yeni dövrün çağırışları, problemlər, vəzifələr” Beynəlxalq Elmi-Praktik Konfransının iştirakçılarına göndərdiyi 2021-ci il 15 sentyabr tarixli məktubundakı “ölkə iqtisadiyyatının daha da şəffaflaşması, rəqabətin artması, dövlət vəsaitindən effektiv və təyinatına uyğun istifadə üzərində nəzarətin hərtərəfli gücləndirilməsi, dövlət və audit təsisatları arasında əməkdaşlığın dərinləşdirilməsi, auditin müstəqil nəzarət institutu kimi inkişaf etməsi və audit xidmətlərində rəqəmsallaşma işinə öz töhfəsini verəcək, bu sahədə mütərəqqi dünya təcrübəsinin öyrənilməsinə və tətbiqinə geniş imkanlar yaradacaqdır” ideyasını, “Auditorlar Palatasının Əsasnaməsi”nin 8-ci bəndini rəhbər tutaraq və “Auditor fəaliyyətinin inkişaf konsepsiyası”nda (2021-2030-cü illər) nəzərdə tutulmuş tədbirlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsini təmin etmək məqsədilə ilə qərara alıram:
1. Auditorlar Palatasının icraçı direktoru S.Gülməmmədova tapşırılsın ki, bir həftə ərzində dövlət başçısının Auditorlar Palatasının 25 illik yubileyinə həsr olunmuş “Şəffaflıq və audit: yeni dövrün çağırışları, problemlər, vəzifələr” Beynəlxalq Elmi-Praktik Konfransının iştirakçılarına göndərdiyi məktubundan irəli gələn vəzifələrin icrası ilə əlaqədar tədbirlər planı hazırlayıb təqdim etsin.
2. Auditor təşkilatlarının rəhbərlərinə və sərbəst auditorlara tapşırılsın ki:
2.1. 2021-ci ilin nəticələrinə dair auditor rəyləri verilərkən və digər əlaqəli xidmətlər göstərilən zaman ölkə qanunvericiliyinin, Beynəlxalq Audit Standartlarının, Peşəkar Mühasiblərin Beynəlxalq Etika Məcəlləsinin (Beynəlxalq Müstəqillik Standartları ilə birlikdə), Auditorların Müstəqillik Qaydalarının, Beynəlxalq Mühasiblər Federasiyasının (IFAC) bu sahə üzrə normativ sənədlərinin tələblərinə, Auditorlar Palatasının üzvləri arasında dempinq və haqsız rəqabətin yolverməzliyi barədə partnyorluq sazişinin müddəalarına, Palata Şurasının qərarlarına, Palata sədrinin əmr və sərəncamlarına əməl olunmasını təmin etsinlər;
2.2. 2021-ci ilin yekunlarına dair hesabatların mövcud təlimata müvafiq olaraq 2022-ci ilin 21 yanvar tarixindən gec olmayaraq onlayn qaydada “Auditorun şəxsi kabineti” sistemi vasitəsilə təqdim olunmasını təmin etsinlər;
2.3. Bağladıqları müqavilələrin “Auditorun şəxsi kabineti” sistemində on iş günü müddətində yerləşdirilməsini təmin etsinlər;
2 4. Auditor fiziki olaraq rəy verdikdən öncə “Auditorun şəxsi kabineti” sistemində rəyin yerləşdirilməsini və daha sonra sistem tərəfindən verilmiş unikal nömrənin müştərilərə təqdim olunmasını təmin etsin.
3. Sədrin elmi-metodik məsələlər üzrə müşaviri N.Talıbova və Auditin təşkili, hesabatlılıq və informasiya idarəsinin rəisi V.Cavadova tapşırılsın ki, bu ilin sonunadək 2021-ci ilin nəticələri barədə illik maliyyə hesabatlarının auditinin aparılmasına dair auditor təşkilatlarına və sərbəst auditorlara metodik yardım göstərilməsini təmin etsinlər.
4. Auditin təşkili, hesabatlılıq və informasiya idarəsinin rəisi V.Cavadova tapşırılsın ki, cari ilin dekabr ayının 1-dək tövsiyə olunan minimum hədlər barədə auditor təşkilatlarının rəhbərlərinin, sərbəst auditorların və ictimaiyyətin məlumatlandırılması təmin edilsin.
5. Sədrin elmi-metodik məsələlər üzrə müşaviri N.Talıbova, Auditin təşkili, hesabatlılıq və informasiya idarəsinin rəisi V.Cavadova, Auditin hüquqi tənzimlənməsi, dempinqə qarşı mübarizə və keyfiyyətin yüksəldilməsi idarəsinin rəisi E.İbrahimova tapşırılsın ki, cari ilin dekabr ayınadək qanunvericiliyə uyğun olaraq məcburi auditdən keçməli olan təsərrüfat subyektlərinin rəhbərlərinin nəzərinə çatdırılması üçün elanın hazırlanması və KİV-də dərc edilməsi təmin edilsin.
6. Auditin innovativ inkişafı və operativ tənzimləmə idarəsinin rəisi Q.Əhmədova, Auditin təşkili, hesabatlılıq və informasiya idarəsinin rəisi V.Cavadova, Audit sistemində icra intizamı və daxili nəzarət şöbəsinin müdiri Z.Almazova tapşırılsın ki, müntəzəm olaraq Auditorlar Palatasının üzvlərinə “Auditorun şəxsi kabineti” sistemində öz fəaliyyətlərinin əks olunması və şəxsi kabinet sistemindən faydalandırılmaları üzrə tövsiyələrin və tələblərin çatdırılması, müvafiq vebinarların keçirilməsi təmin edilsin.
7. Auditin təşkili, hesabatlılıq və informasiya idarəsinin rəisi V.Cavadova tapşırılsın ki, 2022-ci ilin oktyabr ayında Auditorlar Palatasının üzvləri tərəfindən auditor xidməti göstərilmiş məcburi və könüllü audit subyektlərinin “Auditorun şəxsi kabineti” sistemində düzgün qeyd etmələrinin təsnifləşdirilməsi və təhlilinin aparılması təmin edilsin.
8. Auditin təşkili, hesabatlılıq və informasiya idarəsinin rəisi V.Cavadova, Audit sistemində icra intizamı və daxili nəzarət şöbəsinin müdiri Z.Almazova tapşırılsın ki, bu sərəncamın mətinin Auditorlar Palatasının üzvlərinə çatdırılması və Palatanın internet səhifəsində yerləşdirilməsi təmin edilsin.