Qızıl Avropa Liqasında əsas hədəf qrupdan çıxmaqdır.
Bunu “Report”a açıqlamasında Azərbaycan milli komandasının və “Abşeron” klubunun voleybolçusu Mariya Kirilyuk deyib.
29 yaşlı blokçu yığmamızın Qızıl Avropa Liqasında uğurlu çıxış edəcəyinə inandığını bildirib: “Hər bir idmançı kimi, biz də meydançaya qələbə üçün çıxırıq. Bu yarışda da əlimizdən gələni edəcəyik ki, uğurlu nəticə qazanaq. Demək olar ki, bütün komandalar bərabərdir. "Dördlər finalı"na yüksəlmək asan olmayacaq, lakin biz bunun öhdəsindən gələ bilərik. Deyə bilərəm ki, bütün beynəlxalq yarışların öz marağı, çətinliyi var”.
M.Kirilyuk millimizin yarış öncəsi hazırlıq prosesi barədə də danışıb: “Dünən ilk məşqimiz oldu. Oyunlara az vaxt qalmasına baxmayaraq, var gücümüzlə çalışacağıq. İlk olaraq Bakıda məşqlərə start verdik. Qızıl Avropa Liqasına hazırlıq çərçivəsində yoxlama oyunu da keçirəcəyik”.
Qeyd edək ki, Azərbaycan millisi Qızıl Avropa Liqasında ilk oyununu mayın 17-də Xorvatiyaya qarşı keçirəcək. Mayın 18-də isə Faiq Qarayevin yetirmələri Slovakiya ilə qarşılaşacaq.