Qrupda istəyimizə nail olmaq üçün əlimizdən gələni edəcəyik.
Bunu "Report"a açıqlamasında kişi basketbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Tahir Baxşıyev 2027-ci ildə təşkil olunacaq dünya çempionatının seçmə mərhələsində İsveçrəyə qarşı keçirəcəkləri oyundan əvvəl deyib.
Mütəxəssis yığmanın uzun müddət belə böyük turnirlərdə iştirak etmədiyini xatırladıb: "Buna baxmayaraq, səfərə qələbə üçün gedəcəyik. Türkiyədəki təlim-məşq toplanışı da yaxşı keçdi. Uşaqlar verdiyimiz tapşırıqları yerinə yetirdilər və çalışdılar".
Baxşıyev Birləşmiş Ərəb Əmirliklərinə 72:57 hesabı ilə qalib gəldikləri yoxlama matçı barədə də danışıb: "Burada zəif bə güclü tərəflərimizi gördük. Ümumiyyətlə, belə hazırlıq proseslərinin komandaya çox köməyi dəyir. Demək olar ki, bütün oyunçular kollektivdədir. Komandadakı durum da yaxşıdır, zədəli basketbolçumuz yoxdur".
Qeyd edək ki, fevralın 22-də keçiriləcək İsveçrə - Azərbaycan görüşü Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. A qrupunda Kosovo və İrlandiya milliləri də mübarizə aparır.