Ayşən Abduləzimova: "Azərbaycan millisinin nüfuzunu qaytaracağımıza inanıram"

Ayşən Abduləzimova: "Azərbaycan millisinin nüfuzunu qaytaracağımıza inanıram" "Vaşaş" klubunun heyətində Macarıstan çempionu olan Azərbaycan millisinin voleybolçusu Ayşən Abduləzimovanın "Report"a müsahibəsi
Komanda
11 May , 2022 12:45
Ayşən Abduləzimova: Azərbaycan millisinin nüfuzunu qaytaracağımıza inanıram

"Vaşaş" klubunun heyətində Macarıstan çempionu olan Azərbaycan millisinin voleybolçusu Ayşən Abduləzimovanın "Report"a müsahibəsi

- Növbəti dəfə bu titula sahib çıxdınız. Təəssüratlarınız necədir?
- Çox sevincliyəm. Tək mən yox, bütün "Vaşaş" ailəsi olaraq xoşbəxtik. Final oyunlarımız bir az gərgin keçdi. 5 qarşılaşma oynadıq və son görüşdə 3:0 hesablı qələbəyə nail olaraq istəyimizə çatdıq. Ondan əvvəlki oyunların hamısında 3:2 hesabı qeydə alınmışdı.

- Bu klubda üçüncü dəfə Macarıstan çempionu oldunuz. Bu barədə nə deyə bilərsiniz?
- Bu uğurları komanda olaraq əldə etmişik. Daha əvvəl ölkə kubokuna da sahib çıxmışdıq. Bütün bunlar əziyyətimizin bəhrəsidir.

- Klubla müqaviləniz başa çatır. Yeni sözləşmə ilə bağlı təklif almısınızmı?
- Müqavilə haqqında danışıqlarımız davam edir. Ümid edirəm ki, xeyirlisi nədirsə, o da olacaq.

- Pandemiyadan sonra bu mövsüm Azərbaycan Super Liqası da baş tutub. Çempionatın səviyyəsini necə görürsünüz?
- Azərbaycan Super Liqasının uzun müddətdən sonra keçirilməsi sevindirici haldır. İnanıram ki, gələcəkdə daha güclü çempionatımız olacaq.

- Yenidən Azərbaycanda oynama variantınız varmı?
- Hər kəs ailəsinə, ölkəsinə yaxın olmaq istəyir. Amma hazırda bu suala cavab verməkdə çətinlik çəkirəm (gülür),

- Ölkə voleybolunun hazırkı vəziyyəti sizi qane edirmi?
- Biz də istərdik ki, daha yaxşı olsun. Çempionatımız əvvəlki illərə nisbətən zəifləyib. Ümid edirəm ki, ildən-ilə, gündən-günə daha da güclü olacaq.

- Azərbaycan yığmasının əvvəlkitək uğurlu çıxış etməsi mümkündürmü?
- Əlbəttə, hər şey mümkündür. Milli komandamız gəncdir və yetərincə gənc oyunçular yetişir. Əvvəlki nüfuzumuzu qaytara biləcəyimizə inanıram.

Son xəbərlər

Orphus sistemi