Azərbaycan Şərq-Qərb dəhlizinin mühüm tərkib hissəsinə çevriləcək Zəngəzur dəhlizinin yaradılmasını fəal şəkildə təşviq edir.
“Report” xəbər verir ki, bunu Baş nazirin müavini Şahin Mustafayev bildirib.
Onun sözlərinə görə, Azərbaycan bu nəqliyyat dəhlizi boyu öz ərazisində böyük həcmdə işlər görür: “Yol və dəmir yolu infrastrukturu tikilir və bərpa olunur. Uzunluğu 123,9 km olan Horadiz-Ağbənd avtomobil yolunda işlərin 66 %-i, Horadiz-Ağbənd dəmir yolunda (110,4 km) işlərin 38 %-i yerinə yetirilib ki, həmin yollar bu dəhlizin tərkib hissəsidir. Təəssüflər olsun ki, Ermənistan ərazisində heç nə baş vermir, əməli tədbirlər həyata keçirilmir, hətta heç bir texniki-iqtisadi əsaslandırılma və ya layihə də hazırlanmır”.
Ş. Mustafayev bildirib ki, uzun müddətdir və hələ də nəqliyyat dəhlizi, ekstraterritoriallıq terminləri ilə bağlı spekulyasiyalar mövcuddur: “Baxmayaraq ki, onlar bir-biri ilə əlaqəli deyil və hətta sinonim deyillər”.
O xatırladıb ki, nəqliyyat dəhlizi nəqliyyat daşımalarını təşviq etmək üçün xərclərin və keçid vaxtının azaldılması məqsədilə razılaşdırılmış nəqliyyat, gömrük və digər siyasət yürüdən bir neçə ölkənin ərazisindən keçən nəqliyyat marşrutudur: “MDB-yə üzv dövlətlərin ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin əlaqələndirilmiş inkişafı haqqında Sazişin və digər bu kimi çoxtərəfli və ikitərəfli sənədlərin tərəfi olan Ermənistana nəqliyyat dəhlizi konsepsiyası yaxşı məlumdur”.