BSU-da "Sülh və təhlükəsizlik: Cənubi Qafqaz yeni geosiyasi reallıqlar kontekstində" adlı konfrans keçirilib

Xarici siyasət
  • 18 noyabr, 2026
  • 13:24
BSU-da Sülh və təhlükəsizlik: Cənubi Qafqaz yeni geosiyasi reallıqlar kontekstində adlı konfrans keçirilib

Bakı Slavyan Universitetində (BSU) Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin birgə təşkilatçılığı ilə "Sülh və təhlükəsizlik: Cənubi Qafqaz yeni geosiyasi reallıqlar kontekstində" mövzusunda elmi-praktik konfrans keçirilib.

"Report" xəbərinə görə, konfransda çıxış edən Bakı Slavyan Univeristetinin rektoru Anar Nağıyev bildirib ki, müxtəlif məsələlər üzrə sistemli tədqiqatların aparılması və onların nəticələrinin davamlı şəkildə müzakirə edilməsi üçün universitetə xas yeni bir platformanın yaradılması məqsədləridir:

"Prezident İlham Əliyevin Azərbaycanın müharibəni bitirmək təcrübəsinin öyrənilməsi ilə bağlı irəli sürdüyü tezisləri dəfələrlə eşitmişik. Bu yanaşma, xüsusilə elmi və tədqiqat məsələləri baxımından, həm indiki dövr, həm də gələcək üçün üzərimizə böyük məsuliyyət qoyur. Bu baxımdan Azərbaycanın sülhə nail olmaq təcrübəsinin öyrənilməsi, eləcə də bu istiqamətdə akademik tədqiqatların daha dərindən aparılması əsas hədəflərimizdəndir".

Rektor qeyd edib ki, postmüharibə dövründə Qafqazda yaranmış yeni reallıqların sistemli şəkildə araşdırılması və akademik müzakirəsi üçün yeni platformanın yaradılması da mühüm vəzifələrdən biridir:

"Xüsusilə Prezident İlham Əliyevin Silahlı Qüvvələrin Ali Baş Komandanı kimi müharibədən əvvəl, müharibə zamanı və müharibədən sonrakı fəaliyyətinin tədqiqi siyasi elmlər sahəsində çoxsaylı araşdırma mövzuları yaradır".

Konfransda çıxış edən Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin (BMTMM) İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib ki, bir sıra Şərqi Avropa ölkələri ilə Azərbaycan arasında strateji tərəfdaşlıq sənədləri imzalanıb:

"Şərqi Avropa ölkələri ilə ticarət əlaqələrimiz də Qərbi Avropa ilə müqayisədə kifayət qədər inkişaf edib. Əsas enerji layihələrimizin əhatə etdiyi regionlar arasında Balkan və Şərqi Avropa ölkələri xüsusi yer tutur. Məsələn, mənim səfir kimi fəaliyyət göstərdiyim Çexiya Respublikasının neft idxalının təxminən 30 faizi Azərbaycandan təmin olunurdu. Bu istiqamətdə əməkdaşlıq bu gün də öz əhəmiyyətini qoruyur".

Fərid Şəfiyev qeyd edib ki, mərkəzdə müxtəlif regionlara diqqətin artırılması istiqamətində çalışırlar:

"Bu baxımdan Şərqi Avropa xüsusi əhəmiyyət daşıyır. Ona görə də burada formal çıxış etmək istəmirəm. Qeyri-formal şəkildə arzu edərdim ki, Şərqi Avropa üzrə çalışan mütəxəssislər və alimlər özləri təşəbbüs göstərərək bizimlə əlaqə qursunlar, müxtəlif təkliflər irəli sürsünlər".

BMTMM-nin şöbə rəisi Mətin Məmmədli deyib ki, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinin mühüm istiqaməti iqtisadi əlaqələrlə, iqtisadi müstəvidə baş verən dəyişikliklərlə bağlıdır:

"Belə ki, 2025-ci ilin payızından, daha dəqiq desək, oktyabr ayından etibarən Azərbaycan ərazisi vasitəsilə Ermənistana yük daşımaları bərpa olunub. Son rəqəmlərə istinad etsək, Azərbaycan üzərindən Ermənistana 100 min tondan artıq məhsul daşınıb. Həmçinin Azərbaycan Ermənistana neft və neft məhsullarının satışını həyata keçirir. Bütün bunlar onu göstərir ki, iki ölkə arasında iqtisadi müstəvidə ilkin əlaqələr formalaşmağa başlayıb".

Şöbə rəisi qeyd edib ki, iqtisadi əməkdaşlığın digər mühüm komponentlərindən biri də logistika və nəqliyyat infrastrukturunun açılması, kommunikasiyaların bərpası ilə bağlıdır:

"Azərbaycan xarici siyasəti üçün, xüsusilə də 2020-ci ildən sonra, regionda kommunikasiya xətlərinin açılması böyük əhəmiyyət daşıyırdı. Görünən odur ki, Vaşinqton sammitindən sonra bu istiqamətdə də müsbət dinamika müşahidə olunur.

Doğrudur, Vaşinqton sammitindən sonra Ermənistan hakimiyyətinin davranışlarında müəyyən ləngimələr müşahidə edildi. Lakin son aylarda, xüsusilə Ermənistan və Birləşmiş Ştatlar arasında Zəngəzur dəhlizi, daha dəqiq desək, TRIPP layihəsinin həyata keçirilməsi ilə bağlı müəyyən praktiki addımların atıldığını görürük. Son olaraq, oktyabrın 28-də Ermənistan parlamenti TRIPP layihəsi ilə bağlı Ermənistan və Birləşmiş Ştatlar arasında imzalanmış çərçivə sənədini qəbul edib".

Tədbirdə çıxış edən Qarabağ Universitetinin rektoru Şahin Bayramov deyib ki, Qarabağ Universitetinin məhz azad edilmiş ərazilərdə yaradılması Azərbaycanın postmünaqişə dövründə həyata keçirdiyi quruculuq işlərinin və bu prosesdə təhsilə verdiyi önəmin göstəricisidir. Bu addım, eyni zamanda, dünyaya ünvanlanan mühüm mesajdır:

"Qısa müddət ərzində Böyük Qayıdış Proqramının nə qədər uğurla həyata keçirildiyinin hər kəs şahididir. Bu gün həm Qarabağda, həm də Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan sürətli və keyfiyyətli fəaliyyət, həyata keçirilən sistemli işlər ölkəmizin sülhə nə qədər sadiq olduğunun, uzunmüddətli təhlükəsizliyə nə qədər önəm verdiyinin bariz nümunəsidir. Hesab edirik ki, məhz postmünaqişə dövründə həyata keçirilən fəaliyyətlər dünya üçün fərqli bir nümunə və təcrübə ortaya qoyur".

Konfrans çərçivəsində Cənubi Qafqazda dəyişən geosiyasi vəziyyət və regional təhlükəsizlik məsələləri, nəqliyyat-kommunikasiya əlaqələrinin inkişaf perspektivləri, dayanıqlı sülhün möhkəmləndirilməsində iqtisadi əməkdaşlığın rolu, eləcə də sülhün humanitar ölçüsü, insan təhlükəsizliyi, təhsil və etimadın bərpası məsələləri müzakirə olunub.

Tədbirin sonunda yekun müzakirələr aparılıb və "Sülh və təhlükəsizlik araşdırmaları" layihəsi təqdim edilib.

44 filmi