Cəlilabadda şəhidin adını daşıyan küçənin yolları bərbad vəziyyətə düşüb

Cəlilabadda şəhidin adını daşıyan küçənin yolları bərbad vəziyyətə düşüb Cəlilabad rayonunda şəhid Vüqar Niftullayevin adını daşıyan küçənin yolları bərbad vəziyyətə düşüb.
İnfrastruktur
11 Noyabr , 2022 11:50
Cəlilabadda şəhidin adını daşıyan küçənin yolları bərbad vəziyyətə düşüb

Cəlilabad rayonunda şəhid Vüqar Niftullayevin adını daşıyan küçənin yolları bərbad vəziyyətə düşüb.

Bu barədə "Report"un yerli bürosuna sakinlər məlumat veriblər.

Onların sözlərinə görə, Cəlilabad şəhərinin mərkəzində yerləşən küçə uzun müddətdir bərbad vəziyyətdədir. 150 ailənin yaşadığı küçənin sakinləri deyib ki, 5-6 il əvvələ qədər yol yaxşı durumda olub, lakin kanalizasiya sistemi çəkiləndən sonra bərbad vəziyyətə düşüb.

Sakinlər bildirib ki, bir qədər yağış yağan kimi yolda hərəkət etmək mümkünsüz olur. Bundan əlavə, yol bərbad olduğundan valideynlər qış aylarında uşaqları məktəbə aparıb-gətirməkdə çətinlik çəkirlər: "Hətta taksilər belə bu küçəyə gəlmir. Xəstəmiz olanda isə tibb müəssisəsinə getmək əsl müşkülə çevirilir".

Sakinlər həmçinin bildirib ki, kanalizasiya sistemləri çəkilsə də küçənin çirkab sularının axıdılması üçün olan xəndəklər tutulub. Buna görə də küçəni üfunət bürüyüb və antisanitar şərait yaranıb.

Problemlə bağlı Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının Cəlilabad şəhər ərazi dairəsi üzrə nümayəndəliyindən "Report"un yerli bürosuna bildirilib ki, hazırda rayonda asfalt olunmasına zərurət yaranan 100-ə yaxın küçə və məhəllə mövcuddur. Qeyd olunub ki, artıq həmin küçə və məhəllələrdə asfatlanma işlərinə başlanılıb.

"Şəhid Vüqar Niftullayevin adını daşıyan küçənin isə asfaltlanması bu il üçün nəzərdə tutulmayıb. Lakin ilin sonuna kimi bu küçənin hamarlanması üçün əraziyə qreyderin salınması nəzərdə tutulub", - nümayəndəlikdən qeyd olunub.

Son xəbərlər

Orphus sistemi