Bakıda Qərbi Azərbaycan xalçaçılığına dair sərginin açılışı olub
- 02 may, 2026
- 15:52
Milli İncəsənət Muzeyində Qərbi Azərbaycanın Göyçə və Qaraqoyunlu bölgələrinə aid "İlmələrdə yaşayan tariximiz" adlı sərginin açılış mərasimi keçirilib.
"Report" xəbər verir ki, tədbirdə Milli İncəsənət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikova, Çəmbərək rayon icmasında qadınlarla iş üzrə məsul şəxs Aynurə Məhəmmədova, Çəmbərək İcmasının sədri, professor Əvəz Ələkbərov, Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, deputat Əziz Ələkbərli, İcmanın sədr müavini, deputat Hikmət Babaoğlu və Çəmbərək rayon icmasında mədəniyyət üzrə məsul şəxs Rüxsarə Adilqızı, Çəmbərək İcmasının beynəlxalq əlaqələr üzrə məsul şəxsi, Azərbaycan Dillər Universitetində Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin rəhbəri, dosent Həqiqət Hacıyeva, İncəsənətin Tərəqqisinə Dəstək İctimai Birliyinin sədri Turanə Orucova və s. çıxış ediblər.
Qeyd olunub ki, təqdim olunan xalçalar yalnız dekorativ-tətbiqi sənət nümunəsi deyil, həm də Qərbi Azərbaycanın tarixi yaddaşını, mədəni kimliyini və məişət ənənələrini yaşadan qiymətli irs nümunələridir.
Bu cür sərgilərin Azərbaycan mədəni izlərinin qorunması və gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıdığı vurğulanıb. Eyni zamanda, xalçaçılıq sənətinin qadın yaradıcılığı ilə sıx bağlı olduğu və bu ənənənin yaşadılmasının milli irsin davamlılığı üçün xüsusi rol oynadığı diqqətə çatdırılıb.
Xatırladaq ki, sərginin ekspozisiyasını Göyçə və Qaraqoyunlu bölgələrinə aid, vaxtilə həmin ərazilərdə yaşayan azərbaycanlı qadınlar tərəfindən toxunmuş xalçalar təşkil edir. Bu xalçalar 1987-1991-ci illərdə baş vermiş son deportasiya dalğası zamanı azərbaycanlılar tərəfindən ən dəyərli və müqəddəs əşyalar kimi qorunaraq Azərbaycana gətirilib, bu günədək milli irsin canlı nümunəsi kimi yaşadılıb.
Təqdim olunan xalçalar əsasən İrəvan xalçaçılıq məktəbinə aid olsa da, onların ornament və naxış sistemində Gəncə, Qazax və Naxçıvan xalçaçılıq məktəblərinə xas bədii xüsusiyyətlər də aydın şəkildə hiss olunur. Xalçalarda istifadə olunan həndəsi elementlər, simvollar və kompozisiya quruluşu milli kimliyin dərin qatlarını əks etdirir.
Sərgidə nümayiş olunan nümunələrdə Göyçə və Qaraqoyunlu bölgələrinin zəngin təbiəti də öz bədii ifadəsini tapır. Xalça ornamentlərində əks olunan nərgiz, bənövşə və lalə motivləri həmin ərazilərin estetik ruhunu və yaddaşını bu günə qədər yaşadır.
Sərgi ziyarətçilərə Qərbi Azərbaycanın zəngin xalçaçılıq ənənələrini, bu sənətin daşıdığı tarixi yaddaşı və milli kimlik elementlərini yaxından tanımaq imkanı yaradır.
Sərgi mayın 3-dək davam edəcək.