"Heydər Əliyev kuboku-2026" beynəlxalq turnirinin açılış mərasimi keçirilib
- 02 may, 2026
- 17:24
17 yaşadək yeniyetmə oğlan və qız boksçular arasında "Heydər Əliyev kuboku-2026" beynəlxalq turnirinin açılış mərasimi keçirilib.
"Report"un məlumatına görə, Bakı Boks Mərkəzində təşkil olunan tədbir iştirakçı komandaların paradı ilə başlayıb.
Ardınca çıxış edən Azərbaycan Boks Federasiyasının baş katibi Nağı Səfərov ölkəmizdə beynəlxalq yarışların keçirilməsinin ənənəyə çevrildiyini vurğulayıb. O, turnirinin əhəmiyyətindən söz açıb, iştirakçılara uğurlar və qonaqlara Bakıda xoş istirahətlər arzulayıb.
"Heydər Əliyev kuboku-2026"nın supervayzeri Pavlo Vasilinçuk (Ukrayna) Təşkilat Komitəsinə minnətdarlığını bildirib, gərgin döyüşlərin olacağına inam ifadə edib.
Dövlət Himni səsləndirildikdən sonra yarış açıq elan olunub.
Qeyd edək ki, yarışda Azərbaycan millisi ilə yanaşı, Özbəkistan, Qazaxıstan, Gürcüstan, Latviya, Estoniya, Moldova yığmaları və neytral idmançılardan ibarət komanda mübarizə aparır.
185 boksçunun qatıldığı turnirdə oğlanların mübarizəsində 14, qızlarda 9 çəki dərəcəsi üzrə qaliblər müəyyənləşəcək. "Heydər Əliyev kuboku-2026″nın final görüşləri mayın 7-də olacaq.