Bakı. 9 may. REPORT.AZ/ Akademik Milli Dram Teatrında mayın 18-19-da Bakıda keçiriləcək III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna hazırlıqla bağlı şöbə müdirlərinin iştirakı ilə müşavirə keçirilib. "Report" xəbər verir ki, müşavirədə teatrın direktoru İsrafil İsrafilov çıxış edib.
İ.İsrafilov III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun Azərbaycan üçün əhəmiyyətindən danışıb.
O bildirib ki, Akademik Milli Dram Teatrının üzərinə düşən əsas vəzifə forum müddətində tamaşaları yüksək bədii, texniki, təşkilati səviyyədə təqdim etmək, Azərbaycana gələn qonaqlara keyfiyyətli mədəni xidmət göstərmək, ölkə mədəniyyətini və incəsənətini layiqli şəkildə təbliğ etməkdir.
Qeyd edək ki, müşavirədə teatrın müvafiq strukturlarına rəhbərlik edən məsul işçilərə Mədəniyyətlərarası Dialoq Forumunun keçiriləcəyi müddət ərzində teatrın fəaliyyətinin səmərəliliyini artırmaq məqsədi ilə bir sıra lazımi tədbirlərin həyata keçirilməsi tapşırılıb.