Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında "Radio-Televiziya Yayımı və Peyk Rabitəsi" ("Teleradio") İstehsalat Birliyi 2021-ci ili 372 min manat xalis zərərlə başa vurub. Halbuki, qurum 2021-ci ildən 727 min manat xalis mənfəətlə çıxmışdı.
"Report" xəbər verir ki, ötən il "Teleradio" İstehsalat Birliyinin xidmətlərinin satışından gəlirləri 10,696 milyon manat (əvvəlki ilə nisbətən 11,5 % az), xidmətlərinin maya dəyəri 6,505 milyon manat (0,3 % az), digər gəlirləri 3 min manat (dəyişməyib), ümumi və inzibati xərcləri 4,108 milyon manat (2,8 % az), maliyyə aktivlərinin dəyərsizləşməsi üzrə ehtiyat ayırmaları 289 min manat (33,2 % çox), məzənnə fərqindən zərəri 35 min manat (əvvəlki il olmayıb), mənfəət vergisi ödəmələri isə 134 min manat (66,2 % az) təşkil edib.
Bu il yanvarın 1-nə "Teleradio" İstehsalat Birliyinin aktivləri 20,424 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 1,9 % azdır. Hesabat dövründə qurumun öhdəlikləri 26 % azalaraq 615 min manata, balans kapitalı isə 0,9 % azalaraq 19,809 milyon manata düşüb.
Xatırladaq ki, "Teleradio" İstehsalat Birliyi 2004-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 8,359 milyon manatdır. Qurum radio-televiziyanın yerüstü yayımını, radio rabitəsini (radio-rele xətt şəbəkəsinin istismarını), radio-televiziya proqramlarının peykdən yayımını və s. xidmətləri təmin edən dövlət müəssisəsidir.