IRNA: ABŞ və İsrailin İrana hücumlarına dair sübutlar IMO-ya təqdim edilib

Region
  • 01 noyabr, 2026
  • 15:04
IRNA: ABŞ və İsrailin İrana hücumlarına dair sübutlar IMO-ya təqdim edilib

İran ABŞ və İsrailin limanlara, dəniz infrastrukturuna hücumlarına dair sübutları Beynəlxalq Dəniz Təşkilatına (IMO) təqdim edib.

"Report" xəbər verir ki, bu barədə IRNA eksklüziv məlumat əldə edib.

"İran ABŞ və İsrailin ölkənin limanlarına, mülki gəmilərinə və dəniz infrastrukturuna etdiyi hücumların sənədlərini və foto sübutlarını IMO-ya təqdim edərək, dəymiş ziyanın Fars körfəzi, Hörmüz boğazı və Oman dənizi boyu dəniz təhlükəsizliyinə ciddi risklər yaratdığı barədə xəbərdarlıq edib", - məlumatda deyilir.

Qeyd olunub ki, sənədlər təşkilatın 2-6 noyabr tarixlərində Londonda keçirilməsi planlaşdırılan 138-ci şura sessiyasında "Həyati Əhəmiyyətli Gəmiçilik Yollarının Qorunması" adlı gündəliyin 11-ci bəndi altında baxılmaq üçün IMO-ya üzv dövlətlər arasında rəsmi olaraq yayılıb.

"İranın Limanlarına və Dəniz İnfrastrukturuna Qarşı Hərbi Cinayətlər" adı altında hazırlanan hesabat 28 fevral 2026-cı ildən etibarən ABŞ və İsrailin ölkənin mülki dəniz obyektlərinə qarşı hərbi təcavüzünün nəticələrini sənədləşdirir.

Hesabata əlavə edilmiş fotoşəkillər mühüm liman obyektlərinə, dəniz axtarış və xilasetmə koordinasiya mərkəzlərinə və xilasedici gəmilərə dəymiş ziyanı göstərir.

Bildirilib ki, dəniz hərəkətinə nəzarət sistemlərinə dəyən ziyan gəmilərin toqquşması və qəzalar riskini artıra bilər, xilasetmə obyektlərinin dağıdılması isə fövqəladə hallara müdaxilə imkanlarını zəiflədə və xarici dənizçilərin həyatını təhlükəyə ata bilər.

Hesabatda həmçinin ekoloji təhdidlər vurğulanıb və xəbərdarlıq edilib ki, neft obyektlərinə, saxlama çənlərinə, gəmilərə dəyən ziyan hücumların bilavasitə baş verdiyi ərazilərdən kənara yayılan çirklənməyə gətirib çıxarar.

44 filmi