RİNN: "FM radio yayımın genişləndirilməsi üçün işlər iyuladək tamamlanacaq"

RİNN: "FM radio yayımın genişləndirilməsi üçün işlər iyuladək tamamlanacaq" Azərbaycanda FM radio yayımların genişləndirilməsi üçün işlərin bu ilin iyul ayına qədər başa çatdırılması nəzərdə tutulur.
İKT
22 Yanvar , 2024 16:30
RİNN: FM radio yayımın genişləndirilməsi üçün işlər iyuladək tamamlanacaq

Azərbaycanda FM radio yayımın genişləndirilməsi üçün işlərin bu ilin iyul ayına qədər başa çatdırılması nəzərdə tutulur.

Bu barədə “Report”a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən (RİNN) bildirilib.

Məlumata görə, Prezident İlham Əliyevin ölkə ərazisində radioyayım şəbəkəsinin genişləndirilməsi üçün maliyyə vəsaitinin ayrılması haqqında 24 iyul 2023-cü il tarixli sərəncamının icrası istiqamətində nazirliyə məxsus “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyi işləri davam etdirir.

Belə ki, ötən dövrdə bütün ölkə üzrə əsas Radio-Televiziya Yayım Stansiyalarından FM radio yayımın genişləndirilməsi üçün texniki planlama aparılıb və yayım avadanlıqlarının istehsalçıları ilə müqavilələr bağlanılıb. Artıq bir qisim avadanlıqlar çatdırılıb və onların stansiyalarda quraşdırılmasına başlanılıb. Yaxın aylarda bütün avadanlıqların çatdırılması və quraşdırma işlərinin 2024-cü ilin ilk yarısınadək başa çatdırılması nəzərdə tutulur.

Sözügedən sərəncamın icrası nəticəsində yayım infrastrukturunda təkmilləşdirmə işləri aparılmaqla ölkədə radioyayımların dayanıqlığı və keyfiyyəti yüksələcək. Eləcə də bölgələrdə yayımlanan radioproqramların sayı əhəmiyyətli dərəcədə artacaq. Bu da öz növbəsində bütün əhalinin yerli radioproqramlara əlçatanlığının artması ilə nəticələnəcək. Həmçinin əvvəlki illərdə FM radio yayımı üzrə aparılan radiomonitorinqlər zamanı aşkarlanan “ölü” zonalarda keyfiyyətli radio siqnalların qəbulu mümkün olacaq.

Televiziya yayımı üzrə ötən il aparılan radiomonitorinqlərin nəticələri əsasında Bakı Teleqüllə Kompleksində istismar olunan texniki yayım vasitələrində tənzimləmə işləri aparılmaqla və digər zəruri texniki tədbirlər görülməklə Bakı şəhəri və Abşeron yarımadası ərazisində televiziya yayımlarının keyfiyyətinin daha da artırılması təmin edilib.

Son xəbərlər

Orphus sistemi