Pakistan Azərbaycanda "İT Park"ın yaradılmasını təklif edib
- 21 dekabr, 2022
- 08:38
Pakistan şirkəti Azərbaycanda ümumi dəyəri təqribən 50 milyon ABŞ dolları olan “İT Park”ın yaradılmasında maraqlıdır.
Bu barədə “Report”a Pakistan-Azərbaycan İqtisadi Əməkdaşlıq Palatasının (PAKAZCHAM) prezidenti Xürrəm Bhattin bildirib.
Onun sözlərinə görə, bu ilin sentyabr ayında Azərbaycanla Pakistan arasında Texnologiya Forumu keçirilib: "Bu forumda Pakistanın 40-a yaxın şirkəti iştirak edib. Həmin konfrasdan sonra Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə maraqlı müzakirələrimiz olub və “İT Park”ın yaradılmasının ideyasını və şirkətlə bağlı məlumatları nazirliyə təqdim etmişik”.
Palata rəsmisi deyib ki, “İT Park” ekosistemə çevriləcək: “Parkda biz layihələrin maliyyələşdirilməsini təşkil edərək, sonra isə qlobal bazarla əlaqələndirmək niyyətindəyik. Bizim ideyamız İT sənayeni təkcə Azərbaycan üçün inkişaf etdirmək deyil, həmçinin, “İT Park”da yaradılacaq məhsulları və xidmətləri ixrac etməkdir. Düşünürəm ki, Azərbaycan tərəfindən təsdiq alandan sonra biznesin inkişafı modelinə keçə bilərik. Biz tərəfdən sərmayəçi layihənin icrasına başlamağa hazırdır. Azərbaycanın Pakistandakı səfiri bu ayın sonuna qədər pakistanlı investor ilə görüşməyi planlaşdırır”.
Xatırladaq ki, Azərbaycanda fəaliyyət göstərən Pakistan şirkətlərinin sayı 2 238-dir. Pakistan Azerbaycanın qeyri-neft sektoruna 4,2 milyon ABŞ dolları məbləğində investisiya yatırıb. 2021-ci ildə Azərbaycanla Pakistan arasında ticarət dövriyyəsinin dəyəri 2020-ci illə müqayisədə 11,6 % azalaraq 11 milyon 729 min ABŞ dolları təşkil edib. Bu ilin yanvar-oktyabr aylarında isə iki ölkə 19 milyon 045 min ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.