“Türkiyənin beynəlxalq aerokosmik və texnologiya festivalı – TEKNOFEST-in Azərbaycanda baş tutmasını dəstəkləyirik. Gələcəkdə bu tədbirin Azərbaycanda daimi keçirilməsi və eləcə də digər türk dövlətlərində təşkil edilməsi təşəbbüslərini dəyərləndiririk”.
Bunu “Report”un Ankara bürosuna açıqlamasında TEKNOFEST-in İdarə Heyətinin üzvü, Türkiyə Texnologiya Komandası Fondunun koordinatoru İrem Bayraktar bildirib.
O deyib ki, TEKNOFEST-in texnologiya sahəsindəki müsabiqə iştirakçılarının böyük əksəriyyəti Türkiyədəndir, ikinci yeri isə Azərbaycan tutur:
“Azərbaycanda TEKNOFEST çərçivəsində 2022-ci ildə “Take Off Baku” startap sammiti keçirdik. Əlbəttə, istərdik ki, texnologiyalar sahəsində olan fəaliyyətlər Azərbaycanda daimi olsun”.
İ.Bayraktar deyib ki, bu il keçirilmiş TEKNOFEST-ə bir milyon iştirakçı qatılıb:
“8-ci dəfədir keçirilən TEKNOFEST-i ilk dəfə 2018-ci ildə təşkil etdik. Əslində elə o vaxtdan 100-dən çox ölkədə bu layihəni gerçəkləşdirə biləcəyimizi müəyyən etdik. Əgər 2018-ci ildə bu tədbiri TEKNOFEST, Sənaye və Texnologiya Nazirliyi və 28 tərəfdar qurumla birlikdə təşkil etmişdiksə, hazırda 123 tərəfdaşımız var. Bu ilki TEKNOFEST-ə 44 fərqli kateqoriyada 3 min komanda, 12 min iştirakçı qatılıb. 2018-ci ildə qaliblərə 2 milyon lira mükafat təsis edilmişdisə, hazırda bu məbləğ 20 milyon lirədir”.
İldən-ilə bu tədbirə dünyada da marağın çoxaldığını deyən İrem Bayraktar türk dövlətlərindən, Avropadan, Asiyadan, Afrikadan müraciətlərin artdığını da bildirib:
“Bu cür festivalların yalnız Azərbaycanda deyil, bütün türk dünyasında, digər türkdilli dövlətlərdə keçirilməsi ilə bağlı fikirlərimiz var. Məsələn, Özbəkistan istədi ki, onlarda da belə bir festival keçirilsin. Afrikadan da maraq çoxdur. Avropadan - İngiltərə, Almaniya, İrlandiya, Amerika və Yaxın Şərqdən gələn iştirakçıları “Take off” olaraq startapçı kimi qəbul edirik. Layihəyə Avropadan da sərmayəçilər cəlb olunur. İstanbulda əsasən startapçılarla sərmayədarları görüşdürüb, onların ortaq işinin təşkilinə dəstək veririk. Bu il startaplar ümumilikdə 1 milyard dollar üzərindən sərmayə ala bilib. Türkiyə bu məsələdə özünü təsdiqlədiyi üçün sərmayədarlar artıq bu istiqamətə yönəlib. Türkiyə coğrafi baxımdan da mühüm bir strategiyaya və böyük bazara sahib olduğuna görə yatırımçıların diqqətini çəkir. TEKNOFEST-də həm də çox keyfiyyətli mühəndislər yetişir”.