Fərid Osmanov: "Azərbaycanla Türkiyə texnoloji bizneslər üçün mexanizm formalaşdırır"
- 11 fevral, 2026
- 11:07
Azərbaycan ilə Türkiyə arasında startapların inkişafı, insan kapitalının gücləndirilməsi, birgə innovasiya layihələrinin reallaşdırılması və texnoloji bizneslər üçün hərtərəfli mexanizm formalaşır.
"Report" xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İdarə Heyətinin sədri Fərid Osmanov İRİA, Türk İnformasiya Texnologiyaları Sənayeçiləri Assosiasiyası (TÜBİSAD) və "Sistem Global Danışmanlık A.Ş" konsaltinq şirkəti arasında üçtərəfli Anlaşma Memorandumunun imzalanma mərasimində deyib.
O, memorandumun hər iki ölkənin ekosisteminin qarşılıqlı inteqrasiyası üçün böyük əhəmiyyət kəsb etdiyini bildirib: "Bu Anlaşma Memorandumu Azərbaycan və Türkiyə arasında innovasiya və texnologiya sahəsində əməkdaşlığı daha sistemli və nəticəyönümlü mərhələyə daşıyır".
TÜBİSAD-ın İdarə Heyətinin sədri Mehmet Ali Tombalak isə qeyd edib ki, hər iki ölkənin şirkətlərinin bir araya gəlməsi ortaq texnoloji ekosistemin güclənməsinə təkan verəcək: "Bu gün biz burada təkcə iki ölkənin şirkətlərini bir araya gətirmək üçün deyil, həm də iki ölkənin texnoloji gücünü birləşdirmək üçün toplaşmışıq. Bizim yanaşmamız üç sözlə ifadə olunur: fokuslanmaq, birləşmək və birlikdə təsir yaratmaq. Biz şirkətlərimizi və ölkələrimizi bir-birinin rəqibi kimi deyil, bir-birini tamamlayan tərəfdaşlar kimi görürük".