Azərbaycanda dövlət qurumlarının istifadəsinə verilən yeni elektron poçt sisteminə 92 domenlə 88 dövlət qurumu miqrasiya edilib.
“Report” xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov təmsil etdiyi qurumun təşkilatçılığı ilə keçirilən Dövlət Qurumlarının İT rəhbərlərinin IV Zirvə Toplantısında bildirib.
Onun sözlərinə görə, digər dövlət qurumlarının miqrasiya prosesi qurum tərəfindən davam etdirilir.
“Statistika demək olar ki, dəyişmir. Hər on meyldən biri məqsədyönlü kiber hücumun bir hissəsi olaraq qeydiyyata alınır. Demək olar ki, "email"lərin 10 %-i zərərverici tərkibli olmaqla dövlət qulluqçularının hədəf almaqla tərəfimizdən müəyyən edilir və bloklanır”,- deyə o qeyd edib.
Xatırladaq ki, yeni elektron poçt sistemi 60 min istifadəçi üçün nəzərdə tutulub. Bu sistem dövlət qurumlarına həm funksionallıq, həm də təhlükəsizlik baxımından öncəkindən daha böyük imkanlar verəcək.