“Kaspersky” şirkətinin aprel ayından etibarən Rusiya, MDB və Baltikyanı ölkələr üzrə direktoru vəzifəsinə Mixail Priboçiy təyin olunub.
Bu barədə “Report”a şirkətdən məlumat verilib.
Bildirilib ki, o, bu vəzifədə 12 il şirkətin Rusiya bürosuna rəhbərlik edən Sergey Zemkovu əvəz edəcək.
Məlumatda bildirilir ki, M.Priboçiyin prioritet vəzifələri "Kaspersky" şirkətinin xidmət sahəsində, “B2B” və “xSP” seqmentlərində mövqelərini möhkəmləndirmək, eləcə də xarici ölkələrdə şirkətin bazar payını artırmaqdan ibarət olacaq.
Son on il ərzində M.Priboçiy qlobal İT servis distribyutoru olan “Axoft” şirkətinin baş direktoru vəzifəsini icra edib. Onun rəhbərliyi altında “Axoft” Rusiya bazarında kibertəhlükəsizliyə dair proqram təminatı və həllərinin satışı üzrə lider olub, layihələrin paylanması sahəsində lider mövqe tutub və iki il ardıcıl olaraq “Kaspersky” şirkətinin korporativ məhsulların inkişafı və satışı baxımından ən yaxşı tərəfdaşı olub.
Qeyd edək ki, Sergey Zemkov “Kaspersky” şirkətində baş direktorun Rusiyada perspektivli layihələr üzrə müşaviri vəzifəsində fəaliyyətini davam etdirəcək. Yeni vəzifəsində o, “KasperskyOS” əməliyyat sisteminə əsaslanan immun həllərinin yaradılması, tərəfdaş ekosisteminin yaradılması və şirkətin innovativ rəqəmsal həllərinin kommersiyalaşdırılması üçün istiqamətlərin və layihələrin inkişafına diqqət yetirəcək.