Yuxarı

Azərbaycanın Silahlı Qüvvələri Günü Moskvada qeyd edilib - FOTO

​Azərbaycanın Silahlı Qüvvələri Günü Moskvada qeyd edilib
© Foto: "Report"

Azərbaycanın Rusiyadakı səfirliyi Moskvada 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə təntənəli qəbul təşkil edib.

"Report"un Rusiya bürosu xəbər verir ki, qəbulda Rusiya Federasiyasında akkreditə olunmuş diplomatik nümayəndəliklərin hərbi attaşeləri iştirak ediblər.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu tədbir iştirakçılarını Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib. O, bildirib ki, Azərbaycan üçün Silahlı Qüvvələr Günü çox vacib gündür. Ölkəmiz Ermənistan tərəfindən təcavüzə məruz qalıb, torpaqlarımız işğal olunub. 

Səfir deyib: “Sülh istəyirsənsə, müharibəyə hazır ol. Sevindirici haldır ki, Azərbaycanlı gənclər vətənpərvərlik ruhunda böyüyür. Azərbaycan ordusunun peşəkarlığını və ordunun müasir texniki təhcizatını nəzərə alsaq, əminəm ki, Azərbaycan bayrağı işğal olunmuş torpaqlarımızda və mənim doğma şəhərim Şuşada dalğalanacaq”.

P.Bülbüloğlu vurğulayıb ki, bu gün Azərbaycanın döyüş qabiliyyətli, Ali Baş Komandanın qarşıya qoyduğu bütün vəzifələri yerinə yetirməyə qadir olan güclü ordusu var. “Azərbaycanın Ali Baş Komandanı ordunun Rusiya silahları da daxil olmaqla, texniki təhcizatına önəm verir və öz nəzarətində saxlayır. Azərbaycan ordusu öz gücünü aprel döyüşlərində və Naxçıvandakı hərbi əməliyyatda göstərdi. Hər iki döyüşdə Azərbaycan ordusu işğal olunmuş torpaqlarımızın bir hissəsini qaytardı və düşmənə öz gücünü göstərdi.”

Müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev isə çıxışında Azərbaycan və Rusiya münasibətlərinə, Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin istehsal etdiyi silahlara diqqət çəkib. “Ali Baş komandanın nəzarəti altında Azərbaycan ordusu reqionun ən güçlü ordusudur. Azərbaycan ordusunda hərbi texniki təhcizat yüksək səviyyədədir. Azərbaycan bir çox beynəlxalq tədbirlərdə iştirak edir. Özü istehsal etdiyi silahları nümayiş etdirir. Azərbaycan ordusu peşəkarlığı ilə də fərqlənir və bu yöndə bir çox işlər görülür”.

Tədbir bədii hissə ilə davam etdirilib.

İqbal Rüstəmov

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi