Bakı. 17 may. REPORT.AZ/ Müdafiə naziri general-polkovnik Zakir Həsənov mayın 17-də Yaponiyanın Azərbaycandakı yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Teruyuki Katori ilə görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, iki ölkə arasında bir çox istiqamətlərdə mövcud əməkdaşlığın və qarşılıqlı etimadın güclənməsinə xidmət edən fəaliyyətləri xüsusi vurğulayan nazir diplomatik fəaliyyətində səfirə uğurlar arzulayıb.
Bakıda fəaliyyətə başlamasından məmnun olduğunu bildirən diplomat Azərbaycan-Yaponiya münasibətlərinin inkişafı, xüsusilə hərbi sahədə əlaqələrin yaradılması üçün səylərini əsirgəməyəcəyini qeyd edib.
Görüşdə tərəflər bölgədəki hərbi-siyasi vəziyyət, regional təhlükəsizlik və digər istiqamətlər üzrə tərəfdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıblar.