SEPAH-ın Bakı–Tbilisi–Ceyhan neft boru kəmərində planlaşdırdığı terror aktı ifşa olunub
- 06 mart, 2026
- 23:20
Cəmiyyət arasında vahimə yaratmaq, ölkəmizin beynəlxalq nüfuzuna xələl gətirmək məqsədilə strateji obyekt olan Bakı-Ceyhan neft boru kəməri, İsrailin Azərbaycandakı səfirliyi, Dağ Yəhudiləri Dini İcmasının rəhbərlərindən biri və Aşkenazi Sinaqoqu hədəf alınıb.
"Report" xəbər verir ki, Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) sadalanan təhdidlərin aradan qaldırılması üçün həyata keçirdiyi əməliyyatla bağlı "AzTV"də süjet yayılıb.
Ölkə ərazisinə 3 ədəd partlayıcı qurğu keçirilib, amma həmin partlayıcılar zərərsizləşdirilərək digər şəxsə ötürülməsinin qarşısı alınıb. İran xüsusi xidmət orqanlarının ölkəmizdə maraq göstərdiyi strateji obyektlər, hədəflər, eləcə də onlarla əməkdaşlıq edən şəxslərin müəyyən olunması məqsədilə əməliyyat axtarış tədbirləri təşkil edilib.
Məlum olub ki, İran İslam Respublikasının vətəndaşları - Rustamzada Behnam Sahibali və Zandkian Yaser Rahim qabaqcadan əlbir olaraq ölkə ərazisinə partlayıcı qurğu keçirmək üçün Quliyev Tərxan Tərlan oğlu ilə cinayətkar əlaqə yaradıb. İran İslam Respublikasının vətəndaşı Zandkian Yaser Rahimin tapşırığı ilə Səbail rayonu, Şıxov qəsəbəsi yaxınlığında qoyulmuş 1 ədəd naməlum konteyner müəyyən edilib. Konteynerə baxış zamanı, içərisində obyektlərin, eyni zamanda beton qurğuların partladılması üçün nəzərdə tutulmuş 7 kq 730 qram ağırlığında olan "C-4" partlayıcı maddənin olduğu aşkarlanıb. DTX-nin əməliyyat çəkilişləri zamanı Tərxan Quliyevin Nicat Ağayevlə birlikdə avtomobil ilə gələrək konteyneri qoyulduğu yerdən götürdüyü və sonrakı günlərdə Bakı şəhəri, Nəsimi rayonunda partlayıcı qurğunu gizlətdikləri müəyyən edilib.
Daha sonra SEPAH-la birbaşa əlaqələri olan İran İslam Respublikasının vətəndaşı Azarundbileh Hosein Savar Saberin tapşırığı ilə ölkə ərazisinə yenidən içərisində partlayıcı qurğu olan konteynerin keçirildiyi məlum olub. Onun içərisində uzaqdan idarə olunan, "C-4" tipli 2 ədəd partlayıcı qurğu olub. Əvvəlcədən cinayətkar əlaqənin yaradıldığı Azərbaycan vətəndaşı Abdullayev Əsəd Tofiq oğlu gizli saxlanc yerinə gələrək konteyneri götürüb. Bu barədə əvvəlcədən məlumat alındığından həmin halın təsbit edilməsi üçün saxlanc yeri Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən gizli video müşahidə ilə təchiz edilib. Sonrakı gün Rəşad Rüstəmov və Əsəd Abdullayevin birlikdə Qobustan rayonunun Şıxlar qəsəbəsi, Bağlar massivindəki məlum gizli saxlanc yerindən konteyneri götürərək bağlamanı Ə.Əbdullayevin yaşadığı evin yaxınlığında gizlətdiyi aşkarlanıb. Azərbaycan vətəndaşları ilə cinayətkar əlaqə yaradan İran vətəndaşlarının narkotik maddələrin qaçaqmalçılığı ilə məşğul olmaları ilə yanaşı, İslam İnqilabi keşikçiləri Korpusu ilə birbaşa əlaqələrinin olduğu təsbit edilib.