İmişlidə yol qəzası olub, 4 nəfər xəsarət alıb
- 24 yanvar, 2026
- 16:33
İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində iki minik avtomobili toqquşub, 4 nəfər xəsarət alıb.
Hadisə ilə bağlı "Report"un Muğan bürosunun sorğusuna cavab olaraq İmişli Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, xəsarət alanlar İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Yaralılara bədənin müxtəlif nahiyələrinin travması, alının kəsilmiş, sıyrılmış yarası, bud sümüyünün orta aşağı üçdə birinin qapalı qəlpəli yerdəyişən sınığı, sol diz qapağının sınığı diaqnozları təyin olunub və zəruri tibbi xidmətlər göstərilib.
Vəziyyəti ağır qiymətləndirilən 1956-cı il təvəllüdlü şəxs zəruri tibbi yardım göstərildikdən sonra Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna, 1974-cü il təvəllüdlü şəxs isə Abşeron Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub.
1995-ci il və 1975-ci il təvəllüdlü pasiyentlərin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyətləri orta ağır qiymətləndirilir.