Bakı. 20 aprel. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin Bakı şəhər İcra Hakimiyyətinə qarşı verilmiş apellyasiya şikayəti üzrə məhkəmə başa çatıb.
“Report”un məlumatına görə, hakim Kəmalə Abiyevanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən,1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin çıxardığı qərardad ləğv edilib. İş baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılıb.
Qeyd edək ki, ƏMDK yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi Bakı şəhər İcra Hakimiyyətini məhkəməyə verib. Dövlət agentliyi daimi istifadə hüququ ilə asfalt-beton qurğusu layihələndirilməsi və tikintisi üçün “Azəri” MMC-nin istifadəsinə verilmiş dövlətə məxsus 2,98 ha torpaq sahəsinə dair Bakı şəhər İcra Hakimiyyəti başçısının 315 saylı, 22 fevral 1993-cü il tarixli sərəncamının ləğv edilməsi barədə qətnamənin qəbul edilməsi barədə tələb irəli sürüb.
1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi iddianın mümkün sayılmaması barədə qərardad çıxrarıb. Həmin qərardaddan da ƏMDK apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.