Babək rayonunun kəndində tullantılar təmizlənmir

Hadisə
  • 18 yanvar, 2023
  • 16:01
Babək rayonunun kəndində tullantılar təmizlənmir

Babək rayonunun Qahab kəndinin küçələrində yığılıb qalan tullantılar vaxtı-vaxtında təmizlənmir.

"Report"un Naxçıvan bürosu xəbər verir ki, təmizlik qutuları azlıq təşkil edir, digər təyin olunan ərazilərdə isə tullantı qutuları olmadığından məişət tullantıları hara gəldi atılır. Bu, xoşagəlməz mənzərə yaratmaqla yanaşı, həm də antisanitariyaya çevrilə bilər.

Kənd sakinləri bildirir ki, məsələ ilə bağlı kənd bələdiyyəsinə məlumat versələr də, problem aradan qaldırılmır:

"Çünki son illərdə bələdiyyə büdcələrinə yığılan vəsaitə MR-in Maliyyə Nazirliyi nəzarət edib və lazımı işlərə xərclənməsinə imkan verməyib".

Tullantılar vaxtında götürülmədiyindən çöl heyvanları tərəfindən ətrafa yayılır. Kəndin su kranlarının, eləcə də məktəb yollarının ətrafında da tullantıların olması isə xüsusilə narahatlıq doğurur.

Sakinləri narahat edən digər bir məsələ isə kənd ərazisində tullantı poliqonunun yaradılmasıdır. Onlar iddia edirlər ki, bu ərazi kəndin otlaq sahələrinə aiddir. Qahabla yanaşı daha üç kəndin tullantıları da bura atılır. Poliqon çəpərlənmədiyindən mal-qara zibilxanalardan qidalanır. Bu isə şübhəsiz ki, heyvanların tələf olması ilə yanaşı, həm də ət və süd məhsulları vasitəsilə bir sıra xəstəliklərin insan orqanizminə keçməsinə səbəb ola bilər.

Məsələ ilə bağlı Qahab Bələdiyyəsinin sədri Məmmədhəsən Əsgərov sakinlərin bütün şikayətlərinin əsassız olduğunu deyib. Poliqon məsələsinə isə münasibət bildirən bələdiyyə sədri bildirib ki, həmin ərazi kəndin otlaq sahələrinə aid deyil.