Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağstafa rayon şöbəsinin binasındakı mühafizəçi otağında yanğın olub.
“Report”un Qərb bürosunun məlumatına görə, Ağstafa rayon 20 yanvar küçəsində yerləşən inzibati binada mühafizəçi otağında başvermiş yanğın zamanı orada mühafizəçi çalışan, 1977-ci il təvəllüdlü K.Həsənov müxtəlif yanıq xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.
Onun vəziyyəti kafi qiymətləndirilir.
Qeyd edək ki, ümumi sahəsi 15 kvadratmetr olan mühafizəçi otağı hadisə yerinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin Ağstafa Rayon Dövlət Yanğından mühafizə Hissəsinin yanğınsöndürən briqadaları tərəfindən söndürülüb, yanğının ətrafa yayılmasının qarşısı alınıb.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, bu Ağstafa şəhər ərazisində gün ərzində başvermiş ikinci yanğın hadisəsidir. Belə ki, daha öncə isə 12 ailənin yaşadığı üç mərtəbəli yaşayış binasında da yanğın qeydə alınıb. Həmin hadisədə isə xəsarət alan olmayıb.