Bakı. 17 oktyabr. REPORT.AZ/ "Ümumi götürsək, milli komandanın çıxışı qənaətbəxş deyil. Çünki yığma seçmə mərhələdə 3 xal toplaya bilib".
Bunu "Report"a açıqlamasında 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin sabiq baş məşqçisi Yaşar Vahabzadə komandanın Avropa çempionatının seçmə qrup mərhələsindəki çıxışı barədə danışarkən deyib.
58 yaşlı mütəxəssis yığmanı özünün rəhbərlik etdiyi dövrlə müqayisə etməkdə çətinlik çəkdiyini bildirib: "Mən məşqçi olduğum dövrdə Norveçi səfərdə məğlub etmişdik. Həmin vaxt tamamilə fərqli yaş qrupu idi. İndi isə tam başqa oyunçulardır. Ona görə də müqayisə etmək bir az çətindir. Hər yaş qrupunun özəllikləri var".
Y.Vahabzadə xələfi Rəşad Sadıqovun son oyunlarda daha gənc futbolçulara şans verməsini düzgün addım sayıb: "Həmin oyunçular növbəti tsikldə də iştirak edə biləcəklər. Bu seçmə mərhələdə edə biləcəyimiz bir şey qalmamışdı. Ona görə də baş məşqçi son oyunlarda 6-7 futbolçunu daha gənc olanlardan seçirdi. Yəqin ki, əsas məqsədi növbəti tsikldə yaxşı çıxş etməkdir. Bu yığmada müəyyən yaş qrupunda olan futbolçular yer alıb. Ona görə də hər seçmə mərhələdə eyni cür çıxış etmək olmur".
Sabiq baş məşqçi U-21-də yer alan futbolçuların əsas milli komandaya yüksəlmək şanslarından da danışıb: "Qurban Qurbanovun bəzi müsahibələrini oxumuşam. Qurbanov bu yaş qrupunun oyunlarına baxıb və kimlərisə bəyənib. Adları açıqlanmır. Oyunçuların əsas millidə iştirakları özlərindən asılıdır. Onların hələ 20-21 yaşları var. Öz üzərlərində yaxşı çalışsalar, hər şeyə nail ola bilərlər. Hansısa futbolçu U-21-də oynayırsa, deməli, onun perspektivi var. Gələcəkdə əsas millidə çıxış etmək isə özündən asılıdır".
Təcrübəli mütəxəssis əsas yığmanın UEFA Millətlər Liqasındakı çıxışından və növbəti mərhələyə yüksəlmək ehtimalından da söz açıb: "Millinin son oyunu bir az tənqid olundu. Komanda Malta ilə matçda pis oynamadı. Qol epizodları oldu və onlardan istifadə edə bilmədik. Ümümi götürsək, oyunumuz pis alınmırdı. Əsas üstünlük bizim tərəfimizdə idi. Qol epizodları da yaradırdıq. Top sanki qapıya girmək istəmirdi. Hər bir futbolçunun başına gələ bilər ki, bəzi epizodlarda qol vura bilməsin. Millinin hələ şansı var. Hər şey öz əlimizdədir. İki oyunu udmalıyıq. Hər şey Kosovo ilə oyunda həll olunacaq".
Qeyd edək ki, Yaşar Vahabzadə 2015-ci il yanvarın 9-dan 2017-ci il sentyabrın 6-dək 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi vəzifəsində çalışıb. Onun rəhbərliyi altında U-21 2017-ci il Avropa çempionatının seçmə mərhələsini 9 xalla (2 qələbə, 3 heç-heçə, 5 məğlubiyyət) başa vurub. Bu komanda Norveçi 2013-cü il oktyabrın 10-da səfərdə 3:1 hesabı ilə yenib. Həmin vaxt Y.Vahabzadə baş məşqçi Bernhard Lippertin köməkçisi olub. Son seçmə tsikldə yığma Almaniya, Norveç, İrlandiya, İsrail, Kosovo ilə birgə V qrupda yer alıb. Samir Ələkbərovun baş məşqçi olduğu vaxt evdə Kosovo ilə qolsuz heç-heçə edən U-21 Rəşad Sadıqov bu posta gətirildikdən sonra evdə İsraillə, səfərdə isə Norveçlə 1:1 hesablı heç-heçə edib və seçmə mərhələni 3 xalla sonuncu pillədə başa vurub.