Bakı. 5 noyabr. REPORT.AZ/ "Vorskla" klubu "Qarabağ"la keçirəcəyi Avropa Liqasının qrup mərhələsinin IV tur matçı ərəfəsində Ukrayna Premyer Liqasında növbəti qələbəsini qazanıb.
"Report"un məlumatına görə, Poltava komandası çempionatın XIV tur matçında "Lvov"u məğlub edib - 2:0. Qolları 19-cu dəqiqədə Pavel Rebyonok, 39-cu dəqiqədə isə Nəcib Yakubu vurub.
Bu qələbə sayəsində "Vorskla" xallarını 24-ə çatdırsa da, yenə 4-cü pillədə qalıb. "Lvov" isə 17 xalla 7-cidir.
Turun mərkəzi görüşündə "Şaxtyor" Kiyev "Dinamo"sunu 2:1 hesabı ilə yenərək, xallarını 37-yə çatdırıb və liderliyini möhkəmlədib. "Dinamo" 29 xalla 2-ci pillədə qalıb. Evdə "Desna" ilə 1:1 hesablı heç-heçə edən "Aleksandriya" 27 xalla 3-cü yerdə gedir. Bu görüşdə meydan sahiblərinin heyətində Azərbaycan millisinin futbolçusu Pavel Paşayev oynamayıb.
Qeyd edək ki, "Vorskla" "Qarabağ"ı noyabrın 8-də Aleksey Butovski adına stadionda qəbul edəcək. Görüş Bakı vaxtı ilə saat 24:00-da başlanacaq.