Yuxarı

Teymur Rəcəbov Dünya Kubokunda yarımfinala yüksəlib

Teymur Rəcəbov Dünya Kubokunda yarımfinala yüksəlib

Rusiyanın Xantı-Mansiysk şəhərindəki şahmat üzrə Dünya Kubokunda 1/4 final mərhələsinin ikinci partiyaları oynanılıb.

“Report” xəbər verir ki, bu mərhələdə Azərbaycan qrossmeysteri Teymur Rəcəbov ABŞ təmsilçisi Ceffri Syunla yenidən üz-üzə gəlib.

Şahmatçılar arasında ikinci dueldən Rəcəbov qalib ayrılıb - 1:0. İlk görüş heç-heçə başa çatdığından təcrübəli qrossmeyster yarımfinala yüksəlib. 

Azərbaycanın digər şahmatçıları isə mübarizəni dayandırıb. Şəhriyar Məmmədyarovu 1/8 finalda məhz Teymur Rəcəbov üstələyib. Arkadi Naydiç 1/32 finalda almaniyalı Niklas Huşenbetə, Nicat Abbasov 1/16 finalda ABŞ təmsilçisi Leyner Dominges Peresə, Eltac Səfərli isə Şəhriyar Məmmədyarova məğlub olub. Dünya Kubokunun finalına yüksələcək şahmatçılar 2020-ci il İddiaçılar Turnirində iştirak hüququ qazanacaqlar. Turnirin bürünc mükafatçısı da təşkilatçıların xüsusi dəvətnaməsi olacağı halda, belə bir hüquqa yiyələnə bilər.

Rəcəbov yarımfinalda Maksim Vaşye-Laqrav (Fransa) - Levon Aronyan (Ermənistan) cütünün qalibi ilə üz-üzə gələcək. Bu iki şahmatçı arasındakı hər iki görüş heç-heçə yekunlaşıb və qalib sabah "tay-breyk"də müəyyənləşəcək.

Qeyd edək ki, sentyabrın 10-da start götürən Dünya Kubokuna oktyabrın 4-də yekun vurulacaq. Sonuncu gün həlledici görüşlər üçün tay-breyk qarşılaşmaları nəzərdə tutulub. Turnirin mükafat fondu 1,6 milyon dollardır. Qalib 110 min dollar, finalçı isə 80 min dollar qazanacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi