"Səbail" avrokuboklarda debüt mövsümündə mübarizəni erkən dayandırıb

"Səbail" avrokuboklarda debüt mövsümündə mübarizəni erkən dayandırıb Rumıniyanın Krayova şəhərində Universitatya və Səbail komandaları arasında UEFA Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunu keçirilib.
Futbol
18 İyul , 2019 21:54
Səbail avrokuboklarda debüt mövsümündə mübarizəni erkən dayandırıb

Rumıniyanın Krayova şəhərində "Universitatya" və "Səbail" komandaları arasında UEFA Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunu keçirilib.

"Report"un matça ezam olunmuş əməkdaşı xəbər verir ki, "İon Oblemenko" stadionunda təşkil olunmuş qarşılaşma meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə nəticələnib.

Görüş meydan sahiblərinin üstünlüyü şəraitində start götürüb. Meydanın rəqibə aid hissəsini keçməkdə çətinlik çəkən qonaq komanda isə daha çox müdafiənin qeydinə qalıb. Lakin "Səbail"in müqaviməti 28-ci dəqiqədə qırılıb. Bunadək bir neçə epizodda inamlı çıxış edən qapıçı Daniel Bojinovsi cinah hücumundan sonra yenə zərbəni qaytarsa da, "Universitatya"nın son zamanlar adından söz etdirən yarımmüdafiəçisi Aleksandru Çikeldeu təkrar zərbə ilə topu qapıdan keçirib. "Səbail"in ilk yarıda yeganə qol imkanı isə 40-cı dəqiqəyə təsadüf edib. Mirabdulla Abbasov cinah keçidindən sonra topu əlverişli mövqedə olan Ağabala Ramazanova ötürmək əvəzinə birbaşa qapıya vurub. Onun zərbəsi qeyri-dəqiq alınıb.

"Universitatya" ikinci hissəyə qolla başlayıb. 54-cü dəqiqədə Boqdan Vetejelu "Səbail"in müdafiə xəttindəki anlaşılmazlıqdan sonra topu qapıdan keçirib. Bundan 4 dəqiqə sonra matçda dönüşə səbəb olan əvəzetmələr gerçəkləşib. Baş məşqçi Aftandil Hacıyev eyni vaxtda "Səbail"in iki oyunçusu - Mirabdulla Abbasov və Bilal Həmdini oyundan çıxarıb. Onlar yerlərini Bilal Həmdi və Fəhmin Muradbəyliyə veriblər. Dəyişikliklər tezliklə bəhrəsini verib. Hücuma atılan qonaq komanda 67-ci dəqiqədə ilk qolunu vurub. İlk görüşdə "dubl" etmiş Ağabala Ramazanov uzaqdan zərbə ilə fərqi azaldıb. Bundan 2 dəqiqə sonra isə Duventru kombinasiyalı hücumu qolla tamamlayıb.

Bu qoldan sonra "Səbail" daha bir qol vurmağa ruhlansa da, oyunun sonlarında yenidən məyus olub. 90-cı dəqiqədə yenə müdafiəçilərin səhvindən yararlanan "Universitatya"nın hücumunu Fortes Dos Santos məntiqi sonluğa çatdırıb. Beləliklə, Rumıniya təmsilçisi ilk görüşdə olduğu kimi, yenə eyni hesabla qalib gələrək, mərhələ adlayıb. "Səbail" isə avrokuboklarda debüt mövsümündə mübarizəni erkən dayandırıb.

Son xəbərlər

Orphus sistemi