Yuxarı

"Qarabağ" Qurban Qurbanovun rəhbərliyi altında 200-cü qələbəsini qazanıb

Qurban Qurbanovdan növbəti yubiley

Futbol üzrə Azərbaycan Premyer Liqasının XXVI turu 3 yubileylə əlamətdar olub. 

"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, “Qarabağ” klubu “Zirə” ilə səfər oyununda baş məşqçisi Qurban Qurbanovun rəhbərliyi altında 200-cü çempionat qələbəsini qazanıb.

2008-ci ildən Ağdam komandasına rəhbərlik edən 47 yaşlı mütəxəsis 11 ildə komandasını Premyer Liqada 340 oyuna çıxarıb. Bunların 200-də qələbə qazanan komanda 84 heç-heçə edib və 56 dəfə uduzub. Qurban Qurbanovun "Neftçi"dəki fəaliyyət dövrü də nəzərə alınmaqla, Premyer Liqa karyerasındakı ümumi qələbə sayı 218-dir.

“Sumqayıt” klubu isə Azərbaycan çempionatlarında yubiley oyununu keçirib. Səfərdə "Neftçi"ni 3:2 hesabı ilə məğlub etdikləri oyun “gənclik şəhəri” təmsilçisinin 250-ci matçı olub. Bu görüşlərdən 124-ü evdə, 126-sı səfərdə keçirilib. Bu müddətdə 62 qələbə qazanan komanda 66 heç-heçə edib və 122 dəfə uduzub. 239 qol vuran sumqayıtlılar 364 top buraxıb.

“Neftçi” isə Azərbaycan çempionatlarında 600-cü qolunu buraxıb. “Sumqayıt”a 2:3 hesabı ilə uduzan Bakı klubunun buraxdığı son top xoş olmayan yubiley xarakteri daşıyıb. 1992-ci ildən bütün ölkə çempionatlarında iştirak edən bakılılar 775 matçda bu qədər qola üzülüb. Bunlardan 259-u evdə, 327-si səfərdə, 14-ü neytral meydanda qeydə alınıb. 

Qeyd edək ki, ölkə çempionatında ən çox qol buraxan komanda “Turan”dır – 690 top. “Sumqayıt” isə Premyer Liqada 250 və daha çox oyun keçirən 17-ci klubdur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi