Yuxarı

Qurban Qurbanov

 - 

futbol məşqçisi



2014

2014/2015 mövsümündə UEFA Çempionlar Liqasında mübarizə aparan "Qarabağ" III təsnifat mərhələsində Avstriyanın "Zalsburq" komandasına məğlub olaraq mübarizəni UEFA Avropa Liqasının pley-off mərhələsində davam etdirməli olub. Bu mərhələdə Qurbanovun komandasının rəqibi 2009-cu ildə "Qarabağ"ı mübarizədən kənarlaşdıran "Tvente" klubu olub. Ev oyununda 0-0 edən "Qarabağ" səfərdə 1-1 hesablı nəticə əldə edərək ilk dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb. "Qarabağ"ın "Tvente" ilə cavab qarşılaşması Qurbanovun bu komandaya başçılıq etdiyi 250-ci oyun olub. Hazırda "Qarabağ" futbol klubunun baş məşqçisidir.

2013

2013-2014-cü il mövsümündə Qurban Qurbanov məşqçilik karyerasında "Qarabağ" komandası ilə ilk dəfə Azərbaycan çempionu titulunu qazanıb.

2009

Onun rəhbərliyi altında Ağdam komandası 2009-cu ildə finalda "İnter" (Bakı) klubunu 1:0 hesabı ilə məğlub etməklə tarixində üçüncü dəfə ölkə kubokunun qalibi olub. Bununla da Qurban Qurbanov Azərbaycan kubokunu həm futbolçu, həm də məşqçi kimi qazanan ilk şəxs olub. 2009-2010 mövsümündə "Qarabağ" Qurbanovun rəhbərliyi altında UEFA Avropa Liqasının pley-offadək irəliləyib.

2008

2008-ci ildə "Qarabağ" Ağdam klubu ilə bir illik müqavilə bağlayıb. O, baş məşqçi vəzifəsində türkiyəli Rasim Karanı əvəz edib. 2008-ci ilin sonunda Qarabağ rəhbərliyi Qurbanovla 3 illik müqavilə bağlamaq qərarına gəlib.

2006

Bakının "İnter" klubunun idman direktoru vəzifəsində çalışıb. 2006-2008-ci illərdə "Neftçi" klubunda baş məşqçi və idman direktoru vəzifələrini tutub.

2005

2005-ci ildə "Neftçi" klubundan ayrılaraq "İnter" klubuna keçib. Qurban Qurbanov futbolçu karyerasını 2005-ci ilin payızında - 33 yaşında bitirib.

2004

2004-2005 mövsümündə Neftçinin heyətində 23 oyun keçirib və 10 qol vurub.

2003

2003-cü ildə digər Rusiya klubuna, "Volqar" Həştərxana keçib. Bu klubda 21 oyun keçirib və qol vurmayıb. 2003-cü ildə yenidən "Neftçi" klubuna qayıdıb.

2002

2002-ci ildə yenidən "Fakel" Voronej klubunda çıxış edib, 28 oyunda meydana çıxıb və 7 qol vurub.

2001

2001-ci ildə Qurbanov yenidən Azərbaycanın "Neftçi" Bakı klubuna transfer olunub. 2001-2002-ci illərdə Neftçinin heyətində 14 oyun keçirib və 9 qol vurub.

1999

1999-cu ildə Rusiyanın "Fakel" Voronej və "Baltika" Kalininqrad klublarında çıxış edib. "Fakel" klubunda 12 oyuna 8 qol vurub. "Baltika" klubunda isə 14 oyun keçirib və 1 dəfə qol vurub.

1998

1998-ci ildə Rusiyanın "Dinamo" Stavropol klubunda çıxış edib. 39 oyunda meydana çıxıb və 17 qol vurub.

1996

1996-cı ildə "Neftçi" klubuna transfer olunub. 1996-1997-ci il mövsümündə "Neftçi"nin heyətində 34 qol vuraraq Azərbaycan çempionatının bombardiri olub. 1996/1997 mövsümündə 29 oyun keçirib. Ümumilikdə "Neftçi" klubunda 1996-1998-ci illərdə 43 oyun keçirib və 43 qol vurub.

1995

1995-1996-cı illərdə Mingəçevirin "Kür-Nur" klubunda çıxış edib. "Kür-Nur"da 12 oyun keçirib və 4 qol vurub.

1993

1993-cü ildə "Turan"a transfer olunub. 1993-1994 mövsümündə Turanda 29 oyunda meydana çıxıb və 9 qol vurub. Həmin mövsüm Qurban Qurbanov "Turan"ın heyətində Azərbaycan çempionu olub. Bu, onun futbolçu karyerasındakı ilk titul olub. Ümumilikdə 1993-1995-ci illərdə "Turan"da 39 oyun keçirərək 12 qol vurub.

1992

1992-1993-cü illərdə yenidən "Daşqın" klubunda çıxış edib. "Daşqın" klubunda cəmi 39 oyun keçirib və 24 qol vurub. 1992-2005-ci illər ərzində Azərbaycan milli futbol komandasının heyətində 67 oyun keçirib və 14 qol vurub. Milli komandanın bombardiridir.

1991

1991-1992 mövsümündə Gürcüstanın "Alazani" klubunda çıxış edib. Bu klubda 17 oyunda meydana çıxıb və 4 qol vurub.

1990

Futbolun sirlərinə "Daşqın" Zaqatala komandasında yiyələnib. 1990-1991-ci illərdə "Daşqın" komandasında 54 oyun keçirib və 24 qol vurub.

1972

Qurban Qurbanov 13 aprel 1972-ci ildə Zaqatala rayonunun Aşağı Tala kəndində anadan olub.