Slaven Biliçin sabiq köməkçisi Azərbaycan millisinin baş məşqçi postuna təklif olunub

Slaven Biliçin sabiq köməkçisi Azərbaycan millisinin baş məşqçi postuna təklif olunub Bakı. 4 yanvar. REPORT.AZ/ Xorvatiyanın “Dinamo” (Zaqreb) komandasının sabiq baş məşqçisi Nikola Yurçeviç Azərbaycanın əsas millisinə təklif olunub.
Futbol
4 Yanvar , 2019 11:13
Slaven Biliçin sabiq köməkçisi Azərbaycan millisinin baş məşqçi postuna təklif olunub

Bakı. 4 yanvar. REPORT.AZ/ Xorvatiyanın “Dinamo” (Zaqreb) komandasının sabiq baş məşqçisi Nikola Yurçeviç Azərbaycanın əsas millisinə təklif olunub.

“Report”un əldə etdiyi məlumata görə, hazırda işsiz olan 53 yaşlı xorvatiyalı mütəxəssis karyerasını yığmada davam etdirməkdə maraqlıdır. Onun namizədliyi menecerlər vasitəsilə irəli sürülüb.

N.Yurçeviç Xorvatiya yığmasında Azərbaycan millisinin sabiq baş məşqçisi Robert Prosineçki ilə komanda yoldaşı olub. O, uzun müddət Xorvatiya futbolunun daha bir tanınmış siması – Slaven Biliçlə birgə çalışıb. 2002-ci ildə vətənində “Zaqreb” komandasında baş məşqçi kimi fəaliyyətə başlayan sabiq yarımmüdafiəçi növbəti mövsümdə Zareb “Dinamo”suna, 2005-ci ildə isə Avstriyanın “Austriya” və Xorvatiyanın “Slaven Belupo” kollektivlərinə rəhbərlik edib.

Bundan sonra S.Biliçin məşqçi korpusunda yer alan N.Yurçeviç Xorvatiya millisində (2006 - 2012), eləcə də Rusiyanın “Lokomotiv”, Türkiyənin “Beşiktaş” və İngiltərənin “Vest Hem” komandalarında köməkçi-məşqçi funksiyasını yerinə yetirib.

N.Yurçeviç ötən il martın 12-də Zaqreb “Dinamo”sunun baş məşqçisi təyin olunsa da, 34-cü turda səfərdə “Lokomotiva”ya 1:3 hesablı məğlubiyyətdən sonra – mayın 15-də istefaya göndərilib. Mövsümün başa çatmasına 2 tur qalmış onu Nenad Belitsa əvəzləyib. Paytaxt təmsilçisi bundan sonra “Rudeş”ə səfərdə 1 cavabsız qolla yenilsə də, evdə Zapreşiç “İnter”ini 3:1 hesabı ilə məğlub edərək, çempion olub. Yekunda 73 xal toplayan “Dinamo” gümüş mükafatçı “Riyeka”nı 3 xal qabaqlayıb. Üstəlik, finalda “Hayduk”a 1:0 hesabı ilə qalib gələrək, ölkə kubokunu əldə edib.

Zaqreblilər bundan sonra Çempionlar Liqasında mübarizəni dayandırsalar da, Avropa Liqasının qrupuna düşüblər və 1/16 finalda Çexiyanın “Viktoriya” komandası ilə qarşılaşacaqlar.

Qeyd edək ki, AFFA İcraiyyə Komitəsinin ötən ilin dekabrında keçirilmiş iclasında Azərbaycan milli komandasının son 1 il ərzində göstərdiyi nəticələr nəzərə alınaraq və “Qarabağ” klubunda fəaliyyəti üçün daha çox vaxt ayırmasına imkan yaradılması məqsədilə yığmanın baş məşqçisi Qurban Qurbanovla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Son xəbərlər

Orphus sistemi