Yevlaxda avtomobil qəzasında xəsarət alanlar futbol hakimləri və hakim-inspektor olub.
"Report"un məlumatına görə, Ceyhun Haşımov, Elmin Süleymanov, Rövşən Rəcəbov, Asif Abdullayev və Rəsul Babayev müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.
Hadisə ədalət təmsilçiləri I Divizionda “Mingəçevir” və “Qaradağ Lökbatan” komandaları arasındakı XIV tur oyunundan sonra Bakıya qayıdarkən baş verib. Onları daşıyan nəqliyyat vasitəsi Tanrıqulular kəndində qarşıdan gələn avtomobillə toqquşub.
C.Haşımov FIFA dərəcəli keçmiş referi Mübariz Haşımovun qardaşıdır.
Qəza nəticəsində Mingəçevir şəhər sakini, 1971-ci il təvəllüdlü Əliyev Zabit Əli oğlu aldığı ağır xəsarətlərdən dünyasını dəyişib.
Qeyd edək ki, "Mingəçevir" - "Qaradağ Lökbatan" matçı qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb. Həmin qarşılaşmada Rövşən Rəcəbov baş hakim, Elmin Süleymanov və Asif Abdullayev laysmanlar, Rəsul Babayev dördüncü hakim, Ceyhun Haşımov isə hakim-inspektor olub.